Zamirənin həbsi Azərbaycanın xahişi ilə bağlıdır
loading...

Zamirənin həbsi Azərbaycanın xahişi ilə bağlıdır

Xəbər verdiyimiz kimi, Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva Londonda həbs edilib. “The Financial Times” qəzeti yazır ki, barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi məsələsinə baxılarkən Zamirə Hacıyevanın vəkili, barrister Hyuqo Keyt hakim Emma Arbutnota onun 3 uşaq anası olduğunu söyləyib.

Fenomen.Az “Yeni Müsavat”a istinadən xəbər verir ki, vəkil xahiş edib ki, bunu nəzərə alaraq qadının həbsi girov əvəzində ev dustaqlığı ilə əvəz edilsin. O, vəsatətində göstərib ki, Zamirə Hacıyevanın Azərbaycana ekstradisiyası barədə gələn ilin iyununda baş tutacaq məhkəməyə qədər o, ev dustağı kimi Londonda qalmalıdır.

Vəkil bildirib ki, Zamirə Hacıyeva üçün bu həbs qərarı “dəhşətli şok” yaradıb. Hyuqo Kit etiraf edib ki, Zamirə Hacıyeva Londonda böyük pullar xərcləyib, amma Azərbaycan tərəfinin ittihamında onun bilavasitə bankdan pul oğurladığı göstərilmir. Pulları ailənin yeganə qazanc mənbəyi olan əri Cahangir Hacıyev götürüb.

Amma hakim Azərbaycan tərəfinin ekstradisiya sorğusundan sitat gətirərək xanım Hacıyevanın bankomatlardan Beynəlxalq Bankın kartları ilə 8 milyon funt sterlinq çıxarıb xərclədiyini bildirib. Barrister bununla razılaşmayıb: “Onu böyük xərcləmələrdə və mənimsəmədə ittiham edirlər. Lakin bu, heç də o demək deyil ki, Hacıyeva həmin gəlirlərin cinayət yolu ilə əldə edildiyini bilirdi”.

Hakim Z.Hacıyevanın 500 min funt sterlinq girov qarşılığında ev dustaqlığına buraxılmasına razılıq verə biləcəyini ifadə edib, amma prokurorlar dərhal buna etiraz ediblər. Beləliklə, Zamirə Hacıyeva həbsdə qalıb.

55 yaşlı Zamirə Hacıyeva Londonun mərkəzində 15 milyon funt sterlinq dəyəri olan evdə yaşayır. Onun vəkilləri qadının “fırıldaqçı” olmadığını deyirlər. O, Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunub. UWO, Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.


loading...