“Xərçəng”in müalicəsində yeni kəşf – “Zika” virusu həyat qurtara bilər

“Xərçəng”in müalicəsində yeni kəşf – “Zika” virusu həyat qurtara bilər

Beyin şişinin müalicəsində başlıca problemlərdən biri onun həm dərman vasitələri, həm də tibbi müdaxilə üçün əlçatmaz olmasıdır.

Belə ki, beyin qan-beyin bariyeri ilə müdafiə olunur. Həyati vacib mərkəzləri zədələmək riski olduğu üçün tibbi müdaxilə heç də məsləhətli üsul hesab olunmur. Lakin viruslar vasitəsilə müalicə doğrudan da, effektiv ola bilər.

Yenicag.az “Journal of Experimental Medicine” nəşrinə istinadla xəbər verir ki, “Zika” virusu insan beynində “xərçəng” hüceyrələrinə maneəsiz daxil ola bilir. Sözügedən araşdırma ilə məşğul olan alimlər qrupuna Vaşinqton Universitetindən həkim Maykl Daymond rəhbərlik edib. Elm adamları hələ bir neçə il əvvəl diqqət ediblər ki, “Zika” virusu əsasən, sinir toxumasının kök hüceyrələrinə hücum edir. Bu hüceyrələr isə öz növbəsində, strukturları etibarilə beyin “xərçəng”inin (qlioblastoma) bir az fərqli hüceyrələrinə bənzəyirlər. Araşdırmanın sonrakı gedişində fərziyyə özünü doğruldub: “Zika” virusunun ştamları “xərçəng” hüceyrələrinə uğurla daxil olaraq onları məhv edib.

Müalicə üçün virusdan istifadə olunması təbii ki, insan beyni üçün mənfi nəticələrə səbəb ola bilər. Lakin miqdarın düzgün seçilməsi və digər müalicə üsulları ilə uyğun olması halında virus asanlıqla “təmizləyici” qismində çıxış edə bilər. Alimlərin kəşfi bununla da yekunlaşmır. Bədxassəli şişlərin laboratoriya siçanlarına köçürülməsi və onun virus vasitəsilə məhv edilməsinə çalışarkən məlum olub ki, bu zaman qlioblastomun böyüməsində ləngimə gedir, şişlər isə kimyaterapiyaya daha həssas olurlar.

Hazırda alimlər virusun insan beyninin hüceyrələrinə zərər vurmaması üçün daha geniş araşdırmalar aparırlar.


INSTAGRAM - Yerli ve xarici tanınmışlarin paylaşdıqları son fotoları səhifəmizde izleyin
loading...