“Samsung” 1 milyard dollar ziyana düşdü

“Samsung” 1 milyard dollar ziyana düşdü

Satılan bütün “Galaxy Note 7” smartfonlarını batareyalarındakı problemlə əlaqədar geri çağıran “Samsung” korporasiyası təxminən 1 milyard dollar ziyana düşəcək.

 

Avqustun 19-dan etibarən bütün dünyada satılan 2,5 milyon ədəd smartfonun dəyişdirilməsi bu məbləğə başa gələcək. İndiyədək batareyaların öz-özünə alışması və partlaması ilə bağlı 35 fakt qeydə alınıb.

 

“Bloomberg” bildirir ki, “Galaxy Note 7” ilə bağlı problem “Samsung”u vaxtsız yaxalayıb. Belə ki, şirkət “Galaxy S7” flaqman smartfonlarının satışları hesabına öz mövqelərini möhkəmləndirməyə başlamışdı, “Note 7” modeli isə bunu tamamlayacaq və yeni “iPhone 7”ni satışa çıxarmağa hazırlaşan “Apple” ilə rəqabətə imkan yaradacaqdı. “Şirkətin reputasiyasına dəyəcək potensial zərər qısamüddətli maliyyə zərərindən daha çoxdur”, – deyə Sinqapur Milli Universitetinin professoru Çanq Sea Cin söyləyib.

 

“Credit Suisse”ın məlumatına əsasən “Samsung” hər “Galaxy Note 7”nin satışından 600 dollara yaxın gəlir və 108 dollar xalis mənfəət əldə edir. Şirkət bu rüb 4-5 milyon ədəd, IV rübdə isə 8-9 milyon smartfon satmağı planlaşdırırdı. Hazırda satışa start verildiyi bütün 10 ölkədə satışlar dayandırılıb. (lent.az)

loading...