Yaponlarin bilmədiyimiz adətləri

Yaponlarin bilmədiyimiz adətləri

Vay o gündən ki, yapon qapısını döyəsən…

Qonaqpərvərlik bizim qanımızdadır. Qapımzı döyən hər kəsə sevə-sevə qucaq açırıq. Vay o gündən ki, yapon qapısını döyəsən. Bəli, bəli…səhv eləmədiniz, düz fikirləşirsiniz. Yaponlarda bizdə olduğu kimi qonaqpərvərlik yoxdur, görüşmək istəyən ailələr restoranda görüşürlər. Yox əgər təsadüfən bir  yapon sizi evinə dəvət edibsə, nə badə ayaqqabı ilə içəri girəsiniz. Onlar bunu sevmirlər. Bir qədər söhbət edib, xoş hal-əhval tutduqdan sonra ev sahibi sizi çay süfrəsinə dəvət etdisə, mütləq sözlərinizi yekunlaşdırın. Bu o deməkdir ki, getmək vaxtınız gəlib çatıb.

Bu yaponların çox qəribə salamlaşma adəti var. Yüngülcə əyilərək salam verirlər. Əl təması yoxdur. Bir-biriləri ilə hal-əhval tutanda bizdəki kimi qucaqlaşıb, öpüşüb görüşmürlər. Əzizləmək mənasında uşağın başını tumarlasanız, sizə çox hirslənər, bu onu alçaltmaq anlamına gəlir.

Yaponiyada ən qeyri-adi paltarı geyinib küçədə gəzsəniz, heç kim sizə gözünü dikib baxmayacaq. Çünki, bu onlarda ayıb sayılır, yalnız bir dəfə baxıb, başlarını çevirirlər. Qatarda sərnişinlər  bir-birilərini baxışları ilə narahat etməmək üçün  sanki gözünü bağlayıb, yatmış kimi davranırlar.

Ən gözəl cəhətlərindən biri odur ki, ölkədə oğurluq hadisəsi yoxdur. Kafedə, çöldə, fərqi yoxdur, haradasa unutduğunuz çanta yaxud sizə məxsus şəxsi əşya qalıbsa, heç kim əl vurmadan eyni yerindəcə qalacaq.

Bizdə olduğu kimi qışda bütün otaqlar isidilmir, evlər kiçik olduğu və çox bahalı olmadığı halda bunu israf sayırlar, ancaq oturduqları otağı isidirlər.

Bəlkə də, sizə gülünc gələcək, amma yaponlar tək halda duş qəbul etmirlər, hər gecə evdə dərin olan xüsusi ləyənləri su ilə doldurur və bütün ailə tək-tək bu suya girib sözün əsl mənasında  kef edirlər.

Gənc qızlar evlənər- evlənməz evinin xanımı olurlar. Yalnız evin kişisinin qazancı ailənin dolanışığı üçün kifayət edir. Xanımlar, uşaqlar və ev işləri ilə məşğul olurlar. Ailənin bütün pulu xanımda olur, xərcləmələri onlar edir, restoranlarda belə xanımlar ödəniş ödəyirlər. Qadınlar maddi olaraq çox qüvvətli olduqları halda, həyat yoldaşlarına qarşı çox hörmətcildirlər. Ər- arvad arasında ən böyük söz savaşı bəlkə qapını bir az qüvvətli bağlamaq üstündə olar. Demək olar ki, sözlə “döyüş” yoxdur. Cəmiyyət həyatında əsəblərini sözdən çox, baxışları ilə izah edirlər. Çox danışmazlar, amma hərəkət və baxışlarıyla hər şeyi ifadə edərlər. İş yerində bir yığıncaqda danışanlar ümumiyyətlə gənclərdir, yaşı və təcrübəsi üstün olanlar isə dinləyər və sonunda öz fikirlərini bildirərlər.

Xanımlar boş zamanlarında idman edir, rəfiqələri ilə çöldə görüşür, mağazaları gəzib alış-veriş edirlər. Bir xanım gecə çox gec saatda  küçədə təkbaşına gəzə bilər, onu heç kim narahat etməyəcək. Gündüz saatlarında kafelərdə, restoranlarda kişiləri görmək qeyri-mümkündür, çünki onlar gündüz saatlarında işdə olurlar. İş yeri evin kişisi və ailə üçün hər şeydir, kişinin işdən evə gec gəlməsi heç bir zaman problem edilmir.

Qadın və kişinin dostları fərqli ola bilər, bizdəki kimi “ər-arvad yığıncaqlara birlikdə getməlidir “, deyə bir anlayış yoxdur, çünki birinin sevib, digərinin sevmədiyi bir insanla, ikisinin də görüşməsinə ehtiyac duyulmur. Ərlə arvad arasında azadlıq olduqca çoxdur. Evin qadını gecə rəfiqələri və dostları ilə görüşməyə həyat yoldaşı olmadan gedib, istədiyi saatda dönə bilər.

Bu ölkədə hörmət hər şeydir, evdə, işdə, cəmiyyətdə hər kəs bir-birinə qarşı hörmət edir. Paltarlarından qopan bir ip parçasını belə yerə atmazlar, başqalarının haqqları, öz haqqlarından əvvəl gəlir. Bu da yaponların bilmədiyimiz tərəfləri….

 

oxu.az

loading...