Həzrət Əlinin adı ilə bağlı daş oğurlanıb - “Yanardağ”dan

Həzrət Əlinin adı ilə bağlı daş oğurlanıb – “Yanardağ”dan

Mədəniyyət və Turizm Nazirliyi “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ərazisindən hansı tarixi eksponatın oğurlandığını açıqlayıb.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov bildirib ki, avqustun 26-dan 27-nə keçən gecə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ərazisində “Əli daşı” pirindən tarixi eksponat oğurlanıb.

Bununla əlaqədar qoruğun rəhbərliyi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub. Hadisə yerinə artıq baxış keçirilib və hazırda faktla bağlı istintaq aparılır.

Ərazidən oğurlanan tarixi eksponat isə Həzrət Əlinin adı ilə bağlı ikihissəli daşdan biridir. Eksponat qədim qəbiristanlıqda yerləşir.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2 may 2007-ci il tarixli sərəncamı ilə Yanardağın ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilib.

Qoruğun ərazisi 64,55 hektar təşkil edir. Bu əraziyə Qurd yuvası, min yaşı olan iki qəbiristanlıq və qədim məscid, Qotur su bulağı, Əli daşı, Kardaşı, Qırməki vadisi və Yanardağ aiddir. (Trend)

loading...