Hacı Əliyev daha bir ermənini məğlub edib finala çıxdı - YENİLƏNİB
Fenomen.Az

Hacı Əliyev daha bir ermənini məğlub edib finala çıxdı – YENİLƏNİB

Azərbaycan daha bir sərbəst güləşçisi finala çıxıb.

Nurməhəmməd Hacıyev II Avropa Oyunlarında finala yüksəlib.

97 kq çəki dərəcəsində yer alan pəhləvan yarımfinalda Ukrayna təmsilçisi Murazi Mçedlidzeyə qalib gəlib – 7:0.

Bununla da özünə azı gümüş medalı təmin edən Nurməhəmməd Hacıyev güləşdə üçüncü finalçımız olub. Bu həm də Azərbaycanın 15-ci medalı olub.

19:31

Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev II Avropa Oyunlarında finala çıxıb. 

Oxu.Az-ın Belarus paytaxtına ezam olunmuş əməkdaşı xəbər verir ki, rəqib Ukrayna təmsilçisi Hor Ohanesyan olub. 

Görüşün ilk yarısı Ohanesyanın üstünlüyü ilə tamamlanıb. İkinci hissədə isə Əliyev 4 xal alaraq, önə çıxıb. Rəqib etirazla 1 xal alaraq, görüşü 4:4 hesablı heç-heçə ilə tamamlasa da, Azərbaycan təmsilçisi fəal güləşməsi səbəbindən qalib olub. 

Finalda Əliyevin rəqibi Gürcüstan təmsilçisi Vladimir Xinçeqaşvili olacaq. Görüş iyunun 27-də keçiriləcək.

14:36

Sərbəst güləş üzrə üçqat dünya çempionumuz Hacı Əliyev II Avropa Oyunlarında daha bir erməni idmançıya rəqib olub.

Oxu.Az-ın Minskə ezam olunmuş əməkdaşı xəbər verir ki, Hacı Əliyev (-65 kq) ikinci görüşündə belaruslu rəqibini də məğlub edib.

O, Georgi Kolyevə 7:5 hesabı ilə qalib gəlib. Yarımfinaldakı rəqibi Ukraynanı təmsil edən erməni Qor Ohanesyan olacaq.

Nurməhəmməd Hacıyev (-97 kq) isə öncə polşalı Radoslav Barana 8:0, 1/4 finalda gürcüstanlı Elizbar Odikadzeyə 7:3 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Onun növbəti rəqibi ukraynalı Murazi Mçedlidze olacaq.

Qadın güləşində çıxış edən İrina Netreba (-68 kq) yarışa uğursuz başlayıb. 1/8 finalda Yeni Fransona (İsveç) uduzan təmsilçimiz rəqibin finala yüksəlməsini gözləməyə məcburdur.

12:59

Sərbəst güləş üzrə üçqat dünya çempionumuz Hacı Əliyev II Avropa Oyunlarına inamlı start verib.

Oxu.Az-ın Minskə ezam olunmuş əməkdaşı xəbər verir ki, Hacı Əliyev (-65 kq) ilk görüşündə erməni idmançı Volodya Franqulyanla qarşılaşıb.

Tanınmış idmançımız rəqibini döşəyə çıxmağa peşman edib. O, 6:0 hesabı ilə qalib gəlib.

Bundan başqa, 74 kq-da çıxış edən idmançımız Hacımurad Hacıyev yunan rəqibinə 10:3 hesabı ilə qalib gələrək bürünc medal uğrunda yarışa vəsiqə qazanıb. Onun rəqibi ukraynalı Vasili Mixaylov olacaq.

Qeyd edək ki, axşam seansında H.Hacıyevdən başqa, Mahir Əmiraslanov (-57 kq), Aleksandr Qostiyev (-86 kq) və Camaləddin Məhəmmədov (-125 kq) medal görüşlərinə çıxacaq. Onlardan Mahir final matçında, digərləri isə bürünc medal görüşündə mübarizə aparacaq.

loading...