Bakı 2015 Avropa Oyunları Avropanın üç ölkəsi ilə əsas yayım müqavilələri bağlayıb

Bakı 2015 Avropa Oyunları Avropanın üç ölkəsi ilə əsas yayım müqavilələri bağlayıb

800 saatlıq canlı, müasir təqdimat təmin ediləcək.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi böyük məmnuniyyətlə Rumıniya, Macarıstan və Belçika ilə üç beynəlxalq yayım müqaviləsinin bağlandığını elan edib.

Sözügedən üç müqavilənin bağlanması ilə idman azarkeşləri gələn ilin yayında keçiriləcək 17 günlük birinci Avropa Oyunlarını canlı izləyə biləcəklər.

Bağlanmış müqavilələrə görə, “DigiSport” şirkəti Rumıniya və Macarıstanda, “Sport 10” şirkəti isə Belçikada Avropa Oyunlarını yayımlayacaq.

Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, bu üç sazişin bağlanması bütün qitədə I Avropa Oyunlarını izləməyə olan marağın yüksək səviyyədə olduğunu göstərir: “Rumıniya, Macarıstan və Belçikanın idman sahəsində möhtəşəm uğur tarixi var. Oradakı azarkeşlərin gələn yay keçiriləcək yarışlarda öz idmançılarının nailiyyətlərini izləmələri üçün zəmanətin verilməsi gözəl haldır. Bağlanmış müqavilələrlə ev sahibi olan yayım şirkətimiz – Beynəlxalq İdman Yayımı Şirkətinin (ISB) birgə fəaliyyəti sayəsində idman azarkeşləri bir sıra media platformaları üzərindən hərtərəfli yayımdan yararlanacaqlar”.

Beynəlxalq İdman Yayımı Şirkəti Avropa Oyunları müddətində oyunların 800 saatlıq canlı, müasir təqdimatını təmin edəcək. Hər üç ölkədə hər gün tədbirin kadrları, eyni zamanda, tam şəkildə açılış və bağlanış mərasimləri yayımlanacaq. İlkin proqramlaşdırma və gündəlik olaraq yarışların maraqlı məqamlarından seçilmiş videomateriallar da yayımlanacaq.

“DigiSport” (Rumıniya) şirkətinin baş redaktoru Georgi Dobre söyləyib: “Biz Bakı 2015 ilə belə müqavilələrin bağlandığına çox şadıq. Rumıniya və Macarıstandakı azarkeşlərə gündəlik əsasda Avropa Oyunlarının canlı və müstəsna yayımını təqdim etməyi səbirsizliklə gözləyirik”.

“Sport 10” şirkətinin İdarəetmə üzrə direktoru xanım Karin Stup isə qeyd edib ki, I Avropa Oyunları bütün dünya tamaşaçıları üçün böyük marağa səbəb olacaq: “Biz Belçikalı azarkeşlər üçün yarışlardan yüksək səviyyəli kadrları təqdim edəcəyimizi böyük məmnuniyyətlə elan edirik”.

Qeyd edək ki, ötən həftə Türkiyənin “NTV Spor” kanalı Avropa Oyunlarının yayım haqqında beynəlxalq saziş imzaladığı ilk şirkət olaraq təsdiq edilib.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin direktoru Çarli Viceratna deyib: “Birinci Avropa Oyunlarına çox az zaman qaldığı üçün biz bir sıra sazişlərin bağlanmasını yekunlaşdırırıq. Həmin sazişlərə görə azarkeşlərin hər bir idman növü üzrə yarışlardan zövq almaları üçün Bakı 2015 Avropa Oyunları bütün dünyada canlı olaraq yayımlanacaq”.

2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 birinci Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq. Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

Doqquz idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, yüngül atletika, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon və voleybol daxildir.

Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.

loading...