Xaçmazda 100 illk tarix ortaya çıxdı – FOTO, VİDEO – Fenomen.Az
Fenomen.Az

Xaçmazda 100 illk tarix ortaya çıxdı – FOTO, VİDEO

Yenə erməni vəhşiliyi

Xaçmazın Pirquluoba kəndi ərazisindəki 3 hektar ərazi artıq 100 ildir əkilib becərilməmiş qalıb, burada son bir əsr ərzində heç bir əkin-biçin işləri aparılmayıb. Bura hər hansı texnikanın girib şum aparmağına da uzun illərdir yasaq qoyulub. Bütün bunlar səbəbsiz deyil. Yerli sakinlər bu əraziyə çox etiqad edir, ehtiramla yanaşırlar. Çünki, bu ərazi yerli əhalinin iddiasına görə, türk əsgərlərinin məzarlığıdır. Ətraflı məlumatı İstiPress olaraq yerində toplamağı qərara aldıq.

Bioloq alim Dilşad Bayramova mənə bu yaxınlarda Xaçmazda türk məzarlığının olması barədə məlumat vermişdi. Onun tanıdığı sakinlər və arxeoloq alim Qəhrəman Ağayevlə birgə Pirquluoba kəndindəki kolluq sahəyə gəldik. İlk baxışdan baxımsızlığı ilə seçilən, kol-kos baxmış bu ərazidə, sən demə, 100 illik tarix yatırmış. Yerli sakinlərin hamısı bu barədə məlumatlı olsa da, heç kim cürət edib, bu barədə rəsmi orqanlara məlumat vermirmiş. 100 illik sükutu İstiPress olaraq biz pozacağıq.

Azərbaycan Milli EA-nın Genetika İnstitutunun elmi işçısi Dilşad Bayramova məlumat verdi ki, bir neçə ildir ki, meyvə sortlarının genofondunu öyrənmək üçün bölgənin rayonlarında ekspedisiyada olub, Xaçmazın Pirquluoba kəndində olarkən bu məzarlıq haqqında eşidib. Onun eşitdiyinə görə, bu ərazidə 1918-ci ildə ermənilərin Quba qəzasına hücumu zamanı azərbaycanlılara köməyə gələn və hadisələrdə öldürülən türk əsgərlərinin məzarlığı yerləşib və burada 1500-ə yaxın türk hərbçisinin məzarı var. Amma sahə uzun müddətdir toxunulmaz olaraq qalıb.

Xaçmazın Qoçaqlı kənd sakini İmaməddin maraqlı faktlar dedi. İstiPress-ə müsahibəsində İmaməddin Tahirov dedi ki, mərhum atası Tahir Tahirov 1970-1973-cü illərdə bu ərazidə yerləşən Mirzə Davud Hüseynov sovxozunun direktoru olub, atası kəndin ən yaşlı sakinlərindən bu 3 hektar ərazinin türk məzarlığı olduğunu, həmin əsgərlərin 1918-ci ildə ermənilərin Quba qəzasına basqını zamanı öldürüldüklərini eşidib və öyrənib.

İmaməddin Tahirov söylədi ki, atasına nə qədər təzyiqlər olsa da, həmin sahənin əkilməsinə, əraziyə texnika gətirilib şumlanmasına qəti icazə verməyib. Oğlu danışdı ki, atam Tahir Tahirov hətta sovetlər birliyinin gur vaxtında rəsmilərə deyibmiş ki, mən partiya biletimdən keçərəm, amma bu yeri şumlatmaram, əkdirmərəm! Tahir kişi dediyi kimi də edib, həmin 3 hektar ərazi indiyəcən əkilməmiş qalıb.

Maraqlısı həm də odur ki, Pirquluoba kənd bələdiyyəsinə daxil olan 3 hektarlıq bu ərazı Xaçmazın xəritəsində də “şəhidlik” adı ilə yer alıb və ərazi boş göstərilib.

Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçısi Qəhrəman Ağayevi də dəvət etmişdik. Qəhrəman Ağayev kol-kos basmış, baxımsız vəziyyətdə olan sahəyə diqqətlə baxış keçirdi, ərazinin doğrudan da qəbiristanlıq olduğunu, indi çökək vəziyyətə düşən   xeyli qəbir olduğunu müşahidə etdi.

Arxeoloq alim bu məzarlığın  türk məzarlığı olmasına bir qədər şübhə ilə yanaşdı. Bildirdi ki, 1918-ci ildə türk əsgərləri Quba qəzasına zəfər çalmaq üçün gəlmişdilər, onlar erməni cəlladı Amazapın böyük bir qüvvəsini məhv ediblər, amma bu məzarlığın həmin hadisələr zamanı öldürülən türk əsgərlərinə məxsus olmasını müəyyən etmək üçün mütləq bu ərazidə qazıntı işləri aparılmalıdır. Arxeoloq alim ərazidə mövcuq olan tarixi qəbirlərin üzü qibləyə basdırıldıqlarına görə müsəlman qəbirləri olmasını tam təsdiqlədi. Qəhrəman Ağayev məlumat  verdi ki, burada 1918-ci ildə ermənilərin azərbaycanlılara soyqırımı zamanı öldürülən dinc sakinlərin və ya türk əsgərlərinin basdırıldığını ayırd etmək üçün, qazıntılardan sonra buraya geniş tərkibdə mütəxəsssislər -antropoloqlar, arxeoloqlar, kriminalistlər cəlb olunmalıdır.

Qəhrəman Ağayev bildirdi ki, qəbirlərin türk hərbçilərinə məxsus olması rəsmi olaraq təsdiqlənsə, burada qəhrəman türk hərbçilərinin xatirəsinə böyük bir abidə qoyulmalıdır. Yox, əgər ermənilərin öldürdüyü dinc həmvətənlərimiz olsa da, onların xatirəsinə də möhtəşəm abidə kompleksi qoyulması mütləqdir. Bütün bunlar isə ciddi araşdırmalardan sonra mümkün olacaq. 

loading...