Azərbaycan Silahlı Qüvvələrinin yaranma günü

Azərbaycan Silahlı Qüvvələrinin yaranma günü

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 98-ci ildönümü tamam olur.

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi.

Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Qısa müddətdə Milli Ordu Osmanlı imperiyasının Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad edə bilmişdi.

1920-ci ildə Azərbaycan sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Hərbi Nazirlik ləğv olundu, ordumuzun 15 generalı bolşeviklər tərəfindən güllələndi.

1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsasən, 26 iyun – Silahlı Qüvvələr Günü elan olundu. 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə müasir Azərbaycan Ordusunun hərbi paradı keçirildi. Növbəti hərbi parad 2013-cü ildə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyinə həsr edildi.

Son illər ərzində Azərbaycan hərbi potensialını xeyli artırıb. Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilib. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur. Ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğı nəticəsində Silahlı Qüvvələrimiz son illər sürətlə inkişaf edir. Bu gün ordu quruculuğu dövlətimizin başçısının diqqət mərkəzindədir. Ordunun döyüş hazırlığı səviyyəsinin artırılması, onun müasir hərbi texnika və vasitələrlə gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Apreldə baş verən hərbi əməliyyatlar dövlətimizin, Ordumuzun gücünü və qüdrətini düşmənə və bütün dünyaya nümayiş etdirdi. Düşmən təxribatlarının qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin bölmələrinin keçirdiyi əks-hücum əməliyyatı nəticəsində işğal altındakı mühüm əhəmiyyətə malik yüksəkliklər azad edildi. Bu döyüşlərdə zabit və əsgərlərimizin göstərdiyi rəşadət xalqımızın yaddaşında həkk olundu. Aprel hadisələri zamanı Silahlı Qüvvələrimizə ən yüksək qiyməti Ali Baş Komandan İlham Əliyev verdi.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi yaradılıb. Azərbaycanda min addan çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur.

Son illər Azərbaycan Müdafiə Nazirliyinin beynəlxalq hərbi əlaqələri də genişlənib. Azərbaycan Ordusu beynəlxalq terrorizmə qarşı mübarizədə fəallıq göstərir. Ölkənin Sülhməramlı Qüvvələri Əfqanıstandakı koalisiya əməliyyatlarında iştirak edir.

Azərbaycan müdafiə sektoruna dövlət büdcəsindən yönəltdiyi vəsaitin həcminə görə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini bir neçə dəfə üstələyir. Ötən dövrdə əsas diqqət ordunun maddi-texniki təchizatının yenilənməsi, infrastrukturun yaradılması, hərbçilərin məvaciblərinin artırılması, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə yönəldilib. Bu gün dövlət qayğısı ilə hərtərəfli əhatə olunmuş Silahlı Qüvvələrimiz əldə edilmiş nailiyyətlərlə kifayətlənmir, torpaqlarımızın ərazi bütövlüyünü və müstəqil dövlətçiliyimizi qorumağa qadir olan bütün imkanları səfərbər edir.

loading...