Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) rektoru vəfat etdi

Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) rektoru vəfat etdi

Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) rektoru Siyavuş Qarayev dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, S.Qarayev uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Mərhum bu gün torpağa tapşırılıb.

S.Qarayev 30 aprel 1942-ci ildə Azərbaycanın Samux rayonunda anadan olub. Kimya elmləri doktoru, professor S.Qarayev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü olub.

O, 1959-cu ildə Gəncə şəhərində orta məktəbi bitirmiş və həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olub. 1964-cü ildə kimyaçı ixtisası alaraq universiteti bitirib, təyinat üzrə Ümumittifaq Elmitədqiqat Olefinlər İnstitutunda mühəndis, sonra isə Azərbaycan Elmlər Akademiyasının Y.Məmmədəliyev adına Neft-kimya Prosesləri İnstitutunun Sumqayıt filialında kiçik elmi işçi işləyib. 1967-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki ADNA) aspiranturasına daxil olub, 1970-ci ildə namizədlik, 1981-ci ildə isə M.Lomonosov adına Moskva Zərif Kimya Texnologiyası İnstitutunda doktorluq dissertasiyasını müdafiə edib.

a4a9842bb3fc

1970–1982-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda kiçik, sonra böyük elmi işçi, elmi-tədqiqat şöbəsinin kimya bölməsinin rəhbəri, “Üzvi kimya” kafedrasının dosenti və elmi işlər üzrə prorektorun müavini vəzifələrində çalışıb. 1982-ci ildən indiyədək “Üzvi kimya” kafedrasının müdiri, 1988 – 1997-ci illərdə kimya-texnologiya fakültəsinin dekanı, 1997-ci ildən vəfat edənə qədər Azərbaycan Dövlət Neft Akademiyasının rektoru olub.

S.F.Qarayev Beynəlxalq Elmlər Akademiyasının və Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, Nyu-York Elmlər Akademiyasının, Beynəlxalq Mühəndislik Akademiyasının və Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü, Çin Neft Universitetinin fəxri professorudur. Onun geniş elmi maraq dairəsi doymamış heteroatomlu üzvi birləşmələrin fundamental və tətbiqi kimyası sahəsini əhatə edir. S.F.Qarayev 550-ə yaxın elmi əsərlərin müəllifidir, 70-dən çox Beynəlxalq və regional elmi konfrans və simpoziumlarda məruzə edib.

Akademik S.F.Qarayev “Üzvi kimya” ixtisası üzrə doktorluq alimlik dərəcəsi verən İxtisaslaşdırılmış Şuraların üzvü və namizədlik alimlik dərəcəsi verən Dissertasiya Şuralarının sədri olub. Onun elmi rəhbərliyi ilə 23 elmlər namizədi hazırlanıb.

O, “Azərbaycan ali texniki məktəblərinin xəbərləri” elmi jurnalın baş redaktoru, bir neçə nüfuzlu elmi jurnalların, “Qoşa ulduz” ictimai-siyasi-beynəlxalq jurnalın və “Vışka” qəzetinin redaksiya heyətlərinin üzvü olub.

Siyavuş Qarayev Azərbaycan Respublikası Təhsil Nazirliyi kollegiyasının üzvü olaraq, təcrübəli ekspert kimi, təhsil sahəsində aparılan islahatların həyata keçirilməsində və təhsil haqqında qanunvericilik aktlarının qəbul edilməsində özünün real təsirini göstərib.

O, zərif üzvi sintez və kataliz üzrə Bakıda vaxtaşırı keçirilən Beynəlxalq elmi konfransların təşkilatçısı və təşkilat komitələrinin dəyişilməz sədri idi.

Akademik S.F.Qarayev SSRİ Neft-Kimya və Neftayırma Sənayesi Əlaçısı, SSRİ-nin Fəxri kimyaçısı, Azərbaycanın Əməkdar elm xadimi adlarına layiq görülüb.

loading...