Umudov I vitse-prezident olmağından danışdı - “Etimad göstərilib”


Umudov I vitse-prezident olmağından danışdı – “Etimad göstərilib”

Bu gün Azərbaycan Güləş Federasiyasında (AGF) yığma komandaların məşqçi heyəti ilə görüş keçirilib. 

Federasiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, qurumun 1-ci vitse-prezidenti Firdovsi Umudovun sədrliyi ilə keçirilən görüşdə bu günə qədər görülən işlər, qarşıda duran məqsədlər və hədəflərdən danışılıb.

Uğura gedən yolun çalışmaq və nizam-intizamdan keçdiyini bildirən F. Umudov bundan sonra da fəaliyyətini bu istiqamətdə davam etdirəcəyini deyib:

“Etimad göstərilib və bu vəzifə mənə həvalə edilib. Sizinlə birlikdə çalışacağıq ki, göstərilən etimadı doğruldaq. Bu günə qədər məşqçi kimi fəaliyyətimdə daim diqqətdə saxladığım prinsiplər olub. Bunlar çalışmaq, əzmkarlıq və nizam-intizama riayət etməkdir. Birinci vitse-prezident kimi də bu prinsipləri əldə rəhbər tutaraq fəaliyyət göstərəcəyəm. Bütün məşqçilərdən və yığma komandaların üzvlərindən də nizam-intizama ciddi riayət etmək tələb olunur. Bizim məqsədimiz və hədəfimiz dəyişməzdir. Azərbaycan güləşini daha da inkişaf etdirmək, dünya miqyasında mövqeyimizi qoruyub saxlamaq və daha da gücləndirmək üçün var-gücümüzlə çalışmalıyıq”.

Qeyd edək ki, yanvarın 11-də AGF-nin prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə Federasiyanın I vitse-prezidenti vəzifəsinin müvəqqəti icraçısı Sahib Ələkbərov tutduğu vəzifədən azad edilərək bu posta Firdovsi Umudov gətirilib.


loading...