“O insanlarda xərçəngə daha çox rast gəlinir” – Fenomen.Az
Fenomen.Az

“O insanlarda xərçəngə daha çox rast gəlinir”

Terapevt-qastroenteroloq Mətanət Cəfərova e-tibb.az saytına müsahibəsində mədə xəstəliklərindən və mədə ilə bağlı rast gəlinən digər problemlərdən danışıb.

Fenomen.Az həmin müsahibəni təqdim edir:

– Mədə xəstəliklərinin yaranmasına səbəb olan əsas faktorlar hansılardır?

– Son illər mədə şikayətlərinin artmasının səbəbləri sırasında qida və stress faktoru daha önə çıxır. Bir var mədənin müdafiə təbəqəsi, bir də var aqressiv faktorlar. Nə qədər ki, mədənin müdafiə təbəqəsi güclüdür, aqressiv faktorlar ona az təsir edir. Mədənin müdafiə qüvvəsi zəiflədikcə faktorların təsiri də artır və xəstəliklər yaranır. Aqressiv faktorlar nədir? Bütün dünyada aqressiv faktorlar kimi 1-ci yerdə “Helicobacter pylori” mikrobu durur. Bu elə  mikrobdur ki, mədədə qastrit, erroziv qastrit, erroziv bulvit, xora, hətta mədə xərçəngi yaradır. Təbii ki, hər kəsdə yox. Kimin mədəsində müdafiə qabiliyyəti aşağı düşürsə, onda.

İkinci səbəb qeyri-düzgün qidalanmadır. Qəbul etdiyimiz bütün qidalar birbaşa mədəyə düşür. Bəzi qidaların tərkibi isə aşılayıcı təsirə malik olur. Bura həddən çox duzlu, istiotlu qidalar, “fast food”lar, qazlı, spirtli içkilər və son vaxtlar çox geniş yayılmış enerji içkiləri daxildir. Qidalanma rejimi də burda əsas rol oynayır. Ola bilər ki, şəxs keyfiyyətli və düzgün qidalanır, amma qidalanma rejimi doğru deyil. Gündə 1, 2 dəfə qidalanır. Bu iki qida arasında fasilə həddən çox uzun olur. Nəticədə mədə turşusu pik nöqtəyə qalxır və mədə divarına-mukozasına aşılayıcı təsir göstərməyə başlayır. Ən optimal variant az-az, tez-tez qidalanmaqdır. Gün ərzində 3 əsas, 2 ara yemək olmalıdır ki, mədə turşusu öz-özünə neytrallaşsın. Son qida qəbulu yatmazdan 3 saat əvvəl, maye qəbulu isə yatmazdan 1 saat qabaq olmalıdır.

Digər aqressiv faktor stressdir. Stress birbaşa mədə problemi yaradır. Çünki sinir sisteminə bağlı olaraq mədəyə gedən sinir daim aktiv olduğu üçün mədə turşusu da daim ifraz olunur. Buna görə gecə növbəsində, gərgin iş rejimində çalışan şəxslərdə mədə problemlərinə daha çox rast gəlinir.

Növbəti faktor müəyyən növ dərmanlardır. Analqetiklər, yəni ağrıkəsicilər, antibiotiklər, hormonal preparatlar də mədə mukozasına təsir edərək, mədə problemlərinə səbəb olur.

Və təbii ki, irsiyyət faktoru. Bir şəxsin valideynlərində, yaxın qohumlarında, xüsusən ata tərəfində mədə problemi, xərçəng olubsa, onda bu xəstəliklərin olma ehtimalı yüksəkdir.

– Mədənin müdafiə təbəqəsinin zəiflədiyini hansı əlamətlərdən bilmək olar?

– Elə xəstə olur ki, mədəsində xora var, amma şikayəti yoxdur. Yalnız qastroskopiya zamanı xoranın qanadığı müəyyən edilir. Elə xəstə də var ki, adi qastrit zamanı belə, güclü ağrıları olur. Günümüzdə xəstəliklərin klinikası belə dəyişib. Ona görə də vaxtında, şikayət olmadan da müayinəyə getmək lazımdır. Heç bir şikayəti olmasa da, kişilər 40, qadınlar isə 50 yaşında 1 dəfə mütləq skrinninq metod kimi qastroskopiya olunmalıdır. Mədəyə endoskopik olaraq baxılmalıdır. Poliplər, mədənin atrofiyasına gedən xüsusi xərçəngyönlü proseslər var ki, heç bir şikayətlə, əlamətlə özünü büruzə vermədən öz işini görür. Şikayətlər başlayanda isə artıq gec olur.

– Qastroskopiya el dilində desək, zond udmaqdır. Əksəriyyət zond udmaqdan qorxduğu üçün müayinəyə getmir, türkəçarə üsullarla özünü müalicəyə üstünlük verir.

– Niyə qorxurlar ki? Əvvəllər endoskoplar həm çox sərt idi, həm də diametri böyük idi – 9-12 mm. Müasir endoskopların isə diametri kiçikdi – 6 mm-ə qədərdir və daha elastikdir. Bəzən xəstə deyir, doktor, mən 10 il əvvəl zond udmuşdum, dəhşət idi. İndi elə dəhşət yoxdur. Endoskopik müayinə 2-3 dəqiqə çəkir. Bu zaman xəstədə yalnız ürəkbulanma olur. Ona da bir neçə dəqiqə dözmək olar. Yenə də xəstə çox qorxursa, qastroskopiya anesteziya ilə edilir. Vena daxilinə iynə vurulur, xəstə yatırdılır, müayinə edilir. Bu, narkoz deyil, sadəcə sedatsiyadır. Xəstə müvəqqəti yuxuda olur. Endoskopiya yenə 2-3 dəqiqə çəkir. Ancaq xəstənin yuxudan ayılması 10 dəqiqə sonra mümkün olur. Xəstə heç nə xatırlamır. Qorxuyla müayinəyə girən adam gülə-gülə burdan çıxır. Endoskopiya qida borusu, mədə, onikibarmaq bağırsaq müayinəsi üçün qızıl standartdır. Günümüzdə qısa və tez cavab almaq üçün onu əvəz edən ikinci müayinə hələ ki, yoxdur.

– Mədə xəstəliklərinin ev şəraitində, dərmansız, türkəçarə üsullarla tam müalicəsi mümkündür? Məsələn, kartof şirəsi ilə…

– Bir müddət əvvəl 34 yaşlı bir pasiyent qıcqırma şikayəti ilə gəlmişdi. Qastroskopiya zamanı mədəsində polip görüldü. Onu kəsib götürəndən sonra araşdırdıqda xərçəng aşkarlandı. Ona kimsə məsləhət görüb ki, mədən qıcqırır, get, kartof şirəsi iç. Bəli, kartof şirəsi tərkibindəki PH səviyyəsinə görə mədə turşuluğunu neytrallaşdırır. Xəstə müvəqqəti də olsa, özünü rahat hiss edir və ona elə gəlir ki, sağalıb. Amma polip orda öz işini görəcək. Mukozada, selikli qişada olan polip qaldıqca xərçəngə çevriləcək, sonra daha aşağıya, əzələ qatına keçib, bütün orqanlara metastaz verə, yayıla bilər. Ona görə də mən, ümumiyyətlə, türkəçarə metodlarının tərəfdarı deyiləm. Çünki türkəçarə metodları xəstəliyin klinikasını müvəqqəti ört-basdır edə, nəticədə xəstəlik daha gecikmiş fazaya keçə bilər. Bu da xəstə üçün gec olar. Hər zaman deyirəm – xəstəlik nə qədər tez aşkarlansa, xəstəliyə müdaxilə etmək bir o qədər asan, müalicə müddəti də bir o qədər qısa olar.

– Yeri gəlmişkən, vaxtında aşkarlanarsa, mədə xərçənginin qarşısını tam almaq mümkündür?

– Təəssüf ki, adi mədə xorası xəstəliyi insanı daha çox incidir, nəinki mədə xərçəngi. Mədə xorası olanlarda epiqastral nahiyədə güclü ağrılar, gecə tutan, yeməkdən sonra artan ağrılar, qusma, gəyirmə kimi əlamətlər olur. Mədə xərçənginin ilkin mərhələsində bu əlamətlərin heç biri olmaya bilir. Yalnız gecikmiş fazada – xərçəng artıq böyüyüb, əzələ qatına keçib, metastaz verdikdə xəstə birdən-birə iştahdan kəsilir, qusur. Bu, artıq xərçəngin 3-cü, 4-cü mərhələsidir. Amma müayinə zamanı xərçəngi ilk mərhələdə aşkarlamaq olur. İlkin xərçəngin görüntüsü xoraya oxşayır, amma xoradan biopsi alıb histoloji müayinə edəndən sonra onun xərçəng olub-olmamasını bilirik. Ona görə də xərçəngi vaxtında aşkarlamaq üçün heç olmasa 40 yaşda mütləq qastroskopiya olunmaq lazımdır. Anamnezində risk faktoru, qida rejimində problem olanlar, uzun müddət hormonal preparatlar içənlər isə daha erkən yaşda müayinə edilməlidirlər. Mədə xərçəngi ilkin mərhələdə aşkarlandıqda, mədənin selikaltı qatına sirayət etməyibsə, müalicəsi çox asandır. Mədənin yalnız xora olan hissəsi rezuksiya olunub götürülür. Mədənin tamlığı saxlanılır. Bu zaman xəstənin ömrü on illərlə uzana bilər. Bir az daha gecikmiş mərhələdə mədənin üçdə iki hissəsi götürülür. Gecikmiş mərhələdə mədə tam götürülür və xəstə kimyaterapiya alır.

Qida borusu xərçəngində isə xəstədə qıcqırma şikayəti olur. Çox vaxt qıcqırma şikayətinə dırnaqarası yanaşırlar. Mədədə turşuluğu azaltmaq üçün özbaşına, həkim göstərişi olmadan aptekdən dərman alıb içirlər. Olmaz! Bu, xəstəliyin sağalma prosesini gecikdirə bilir. Qida borusunun öz mühiti qələvi mühitidir. Mədə turşusu daim geriyə, qida borusuna atıldığı üçün ordakı hüceyrələr dəyişilib, xərçəng hüceyrəsinə çevrilə bilir. Burda da xərçəngyönlü proses ilkin mərhələdə aşkarlandıqda xəstəliyin xərçəngə çevrilməsinin qarşısını almaq olur.

– Son illər Azərbaycanda mədə kiçiltmə əməliyyatları xeyli artıb. Arıqlamaq istəyənlərin çoxu bu əməliyyatı etdirir. Əslində, bu əməliyyatı kimlər etdirə bilər, gələcəkdə hansıda fəsadları ola bilərmi? Bariatrik cərrahlar bu əməliyyatın sonradan mədə xərçənginə səbəb ola biləcəyini təkzib edirlər. Həqiqətənmi belədir?

– Təəssüf ki, mədə kiçiltmə əməliyyatı ilə bağlı maarifləndirmə çox aşağı səviyyədədir. Çoxu bunu sırf arıqlamaq üçün edilən əməliyyat kimi başa düşür. Hətta hədsiz çox kilosu olmayan belə, bu əməliyyata qaçır, nəticədə tez də olmasa, sonradan onun fəsadlarıyla qarşılaşır. Əslində isə bu əməliyyatı morbitsi piylənməsi olanlar etdirə bilər. Morbitsi piylənməsi ölümcül piylənmə deməkdir. Yəni piylənmə həddi o qədər yüksəkdir ki, ürək çatışmazlığı və digər fəsadlar verərək, xəstəyə həyati təhlükə yaradır. Həmin şəxs tez bir zamanda piylənmədən qurtulmalıdr ki, ölməsin. Azərbaycanda o formada piylənmədən əziyyət çəkən insanlar isə barmaqla sayılacaq qədərdir. Bu hal daha çox ABŞ-da müşahidə olunur, nəinki Avropa və Asiya qitəsində. Qalan heç bir halda mədə kiçiltmə əməliyyatına göstəriş yoxdur. 1-ci və 2-ci tip piylənməsi olan şəxs bu əməliyyatı etdirdikdə həddən artıq arıqlaya bilər. Eyni zamanda orqanizmdə mübadilə prosesinin pozulmasına, vitamin-mineral kompleksinin mənimsənilməsində problemə, ümumi müqavimətin azalmasına səbəb olar. O ki qaldı mədə kiçiltmə əməliyyatının mədə xərçənginə səbəb olmasına, bəli, ola bilir. Ümumiyyətlə, mədə xərçənginin yaranma risklərindən biri də əməliyyat olunmuş mədədir. Əməliyyat olunmuş mədə bir müddət sonra da olsa, öz fəsadını verəcək. Bunu mən yox, tibbi protokollar deyir. Sağlam, bütöv mədəsi olan insanla müqayisədə əməliyyat olunmuş mədəsi olan insanlarda xərçəngə daha çox rast gəlinir. Odur ki, insanlar göstəriş olmadan mədə kiçiltmə əməliyyatına getməməməlidirlər.

loading...