Göz önündəki TƏHLÜKƏ: balaları qoruyun!

Göz önündəki TƏHLÜKƏ: balaları qoruyun!

Eynəkli uşaqların sayının günü-gündən artdığını görmək üçün Zərifə Əliyeva adına Göz Klinikasının giriş-çıxışını müşahidə etmək kifayətdir. Əsasən də günün səhər çağında. Klinikanın giriş qapısı avtobus dayanacağının düz yanındadır. Elə ki avtobus dayandı, içindən eynəkli, gözü bintlə bağlı gül balalar tökülür. Görəsən, son vaxtlar uşaqlar arasında göz xəstəliklərinin artmasının səbəbi nə ilə bağlıdır?

Fenomen.Az xəbər verir ki, lent.az bu məsələni araşdırmağa çalışıb.

 

Oftalmoloq Fariz Sadıqov da son dövrlər uşaqlar arasında göz xəstəliklərinin artdığını təsdiqləyir.

 

– Bununla bağlı İngiltərənin “The New England Journal of Medicine” jurnalı ciddi bir araşdırma aparıb. Araşdırma 2002-2012-ci illərdə məktəbli uşaqlar arasında aparılıb. Bütün günü qapalı məkanda olan uşaqlarla təbiətdə olan uşaqlar müqayisə edilərkən ciddi bir fərq ortaya çıxıb. Belə qərara gəliblər ki, bütün günü evdə olub telefon, kompüter və dərslərlə məşğul olan uşaqların gözlərində zəiflik əmələgəlmə ehtimalı açıq havada vaxt keçirən uşaqlara nisbətən 30 faiz daha çoxdur.

 

Oftalmoloqun sözlərinə görə, bu il yapon mütəxəssisləri daha bir araşdırma aparıb.

 

– Araşdırmaya eyni yaş qrupundan olan uşaqlar cəlb olunub. Bir qrup uşaqlara bir il ərzində hər gün 45 dəqiqə açıq havaya çıxartmaq, xüsusi idmanlar etmək göstərişi verilib. Digər qrup uşaqlar isə ev şəraitində saxlanılıb. Bir il ərzində evdə oturan uşaqların gözlərinin zəiflik dərəcəsi iyirmi faiz daha çox olub, nəinki havada istirahət edən uşaqların.

 

Gözlər insan orqanizminin önəmli orqanıdır. Onlara qayğı göstərmək mütləqdir. Biz isə ona qulluq etmək əvəzinə müasir texnoloji vasitələrlə hər gün daha da yükləyir, zərər veririk. Bu, xüsusən də uşaqlara aiddir. ABŞ-ın statistik göstəricilərinə görə, hər 10 uşaqdan 4-ü eynək taxır.

 

– Yaxın görmə prosesləri – televizor, mobil telefon, planşet və kompüterlərə baxmaq göz xəstəliklərinin ciddi şəkildə artmasına səbəb olur. Məktəbəqədər dövrdə uşaqlar onsuz da yaxın görmə işlərlə məşğul olmur; dərs oxumur, kitab oxumur. Gözün yüklənməsi daha az olur. Uşaq məktəbə getməyə başladığı zaman proseslər də start götürür. Gündəlik altı-səkkiz saat dərslərlə məşğul olan məktəblinin kompüter də bir yandan görmə zəifliyinin əmələgəlmə riskini ciddi şəkildə artırır. Məktəb dövrü uzağı və yaxını görmə pozğunluqları və astiqmatizm kimi defektlərin yaranması üçün təhlükəli zaman sayılır. Çünki bu mərhələdə gözlər çox yüklənir. Məktəbəqədər dövrdə uşaqların gündəlik yarım saatla bir saat arasında kompüter, telefonla məşğul olmasına icazə verilirsə, məktəb dövründəki uşaqlar üçün bu müddət yarım saatdan çox olmamalıdır.

 

Həkim saytımız vasitəsilə valideynlərə müraciət edərək, uşaqları hər gün parka, təmiz havaya çıxarmalarını məsləhət görür.

 

– Valideynlərə demək istəyirəm ki, uşaqlarını mütləq hər gün havaya çıxarsınlar. Bundan əlavə, gözü qüvvətləndirmək üçün xüsusi idman növü də var. Bunu uşaqlar özü də edə bilər. Pəncərədən 15-20 metr aralıda yerləşən binanın eyvanına 10-15 saniyə baxıb, sonra əlindəki qələmə baxaraq gözləri fiksasiya edə bilər. Sonra yenə uzaqdakına baxmaq. Bu yolla göz əzələləri dincəlir. İkincisi, dərs oxuyan zaman hər yarım saatdan bir 1-2 dəqiqəlik fasilə vermək lazımdır.

 

Doktor Sadıqov doğuş travmalarının da gözün görmə əzələlərinin sinirlərini zədələmək ehtimalının olduğunu qeyd edir.

 

– Beynin zədələnməsi nəticəsində gözə gedən yollarda problem çıxa bilər. Belə hallar müşahidə olunur. Amma hazırkı ginekoloji avadanlıqların, həkimlərin təcrübəsinin artması nəticəsində bu problemlərə demək olar ki, rast gəlinmir.

 

Qidalanmanın da önəmli olduğunu vurğulayan oftalmoloq mümkün olduğu qədər təbii qida rasionundan istifadə etməyi tövsiyə edir. “Konservant və yarımfabrikatlardan mümkün olduğu qədər qaçmağa çalışın. Balıq yağı qəbul etmək də məsləhətlidir. Lakin qədərində. Payız və qış aylarında. Həddini aşmamaq şərtilə. Uzun müddət balıq yağı qəbul etdikdə qaraciyər yüklənir”.

 

Həkimnevroloq Rima İbadova da doğum travmasının bəzi hallarda görmənin zəifləməsinə səbəb ola biləcəyini deyir.

 

– Kəllədaxili təzyiq artan zaman onurğa beyni mayesi görmə mərkəzlərinə təsir edərsə, bu zaman daha çox Qreffe simptomu (Batan günəş) və bulanıq görmə, iki görmə daha çox müşahidə olunur. Körpələr bu şikayətləri deyə bilmədikləri üçün daha çox Qreffe və əlbəttə ki, digər beyin əlamətləri (baş ölçülərinin normadan çox böyüməsi, tikişlərin aralanması, uşağın davamlı narahat olması, bu və ya digər dərəcədə nevroloji defisitin olması və s.) olur. Bu hal vaxtında müəyyən olunub müalicə edilməzsə, görmənin itirilməsinə qədər davam edə bilər. Amma hər gözündə çəplik olan uşağa da kəllədaxili təzyiq diaqnozu qoymaq olmaz, çünki kəllədaxili təzyiq bir simptomdur və bir sıra ciddi xəstəliklərdə beyin-onurğa beyni mayesinin normadan çox olmasından yaranır. Uşaqlarda çox zaman epikant çıxıntısına bağlı, görmə fiksasiyası tam formalaşmadığı üçün həyatın ilk aylarında (daha çox ilk 3-4 ay) bəzən aldadıcı daxili çəpgözlük görülə bilər.

 

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, həkim mama-ginekoloq Leyla Məmmədovahesab edir ki, uşaqlarda göz patologiyasını birmənalı olaraq doğuş travması ilə əlaqələndirmək düzgün deyil.

 

– Yenidoğulmuşlarda oftalmoloji pozğunluqların inkişafının perinatal risk faktorlarına hamiləliyin fəsadlı gedişi, o cümlədən hamiləliyin pozulma təhlükəsi, preeklampsiya, hamiləliyin II və III trimestrlərində kəskin infeksiya və ya xroniki infeksiyanın kəskinləşməsi, reproduktiv texnologiyaların köməyi ilə baş vermiş hamiləlik, doğuş fəaliyyətinin diskordinasiyası, doğuş zamanı dölün kəskin hipoksiyası, asfiksiya, göbək ciyəsinin dölün boynuna dolanması və s. aid edilir. Eyni zamanda mərkəzi sinir sisteminin perinatal zədələnməsi olan yenidoğulmuşlar, bətndaxili infeksiyalı yenidoğulmuşlar da oftalmopatiyaların inkişafı üzrə risk qrupuna aid edilir. Qadında hamiləlik dövründə məxmərək, toksoplazma, sitomeqalovirus, xlamidiya, süzənək kimi infeksiyaların kəskin forması döldə oftalmoloji patologiyaların inkişafının ciddi risk faktoru hesab olunur. Bu infeksiyalar hətta uşaqda korluğa da gətirə bilər. Uşaqlarda göz patologiyasının inkişafında irsi faktorların da rolu tədqiqatçılar tərəfindən sübuta yetirilmişdir.

 

 

“David Smitə görə irsi sindromlar” kitabında qlaukoma 33 irsi patologiyanın, katarakta 53 irsi patologiyanın, çəpgözlük isə 73 irsi patologiyanın əlamətlərindən biri kimi göstərilib. Vaxtından əvvəl doğulmuş uşaqlarda retinopatiyaların rastgəlmə tezliyinin yüksək olması da nəzərə alınmalıdır. Bu uşaqlarda retinopatiyanın risk faktorlarına doğulan ağciyərlərin süni ventilyasiyasının intensivliyi və müddəti, oksigen terapiyası da aid edilir. Bunları nəzərə alaraq, doğum travması uşaqlarda oftalmoloji patologiyaların çoxsaylı səbəblərindən biri kimi dəyərləndirilə bilər. Hər hansı bir oftalmoloji patologiyanı doğuş travmasının nəticəsi kimi dəyərləndirməzdən öncə digər səbəblər istisna olunmalıdır.

 

Dölün başı ilə ananın çanağı arasında olan uyğunsuzluq, sürətli doğuş, sürəkli doğuş, dölün çəp və köndələn vəziyyəti, dölün çanaq gəlişi, alın gəlişi, üz gəlişi, mamalıq döndərməsi, mamalıq maşalarının qoyulması, dölün vakuum-ekstraksiyası, doğuş fəaliyyətinin stimulyasiyası, doğuş zamanı əl yardımının tətbiqi, çiyinlərin distosiyası və digər mamalıq situasiyalarında doğuş travması ehtimalı yüksəkdir.

 

– Əlbəttə, doğuşu idarə edən həkim mama-ginekoloq həm ananın, həm də körpənin həyatına və sağlamlığına cavabdeh olduğunu bilir. Belə olan halda məsuliyyətsizlikdən söz gedə bilməz. Əgər qadın doğum evinə müraciət edərkən mamalıq situasiyası doğum travmasının profilaktikasını aparmağa imkan verirsə, müvafiq tədbirlər görülür. Lakin bəzi hallarda qadın doğum evinə doğuş prosesinin elə mərhələsində müraciət edir ki, artıq həkim dölün mühafizəsi naminə qeysəriyyə kəsiyi əməliyyatını icra edə bilmir, yenidoğulmuş travma ilə doğulur. Qeysəriyyə kəsiyi əməliyyatı üzrə klinik protokolda bu  əməliyyata göstərişlər dəqiq qeyd olunub. Lakin bir çox hallarda cərrahi doğuşa göstərişi olan qadın doğum evinə gec müraciət edir. Məsələn, dölün çanaq gəlişi, iri döl qeysəriyyə kəsiyi əməliyyatına göstərişdir. Lakin qadın doğum evinə doğuşun II dövründə müraciət edirsə, doğuş təbii yolla başa çatdırılır və bu halda doğum travmasını istisna etmək olmaz. Onu da qeyd edim ki, qeysəriyyə kəsiyi əməliyyatı da doğuş travmasının olmayacağına zəmanət vermir. Bəzi hallarda isə qadın vaxtında müraciət etsə də, patoloji mamalıq situasiyası elə vaxtda meydana çıxır ki, bu halda doğuş travmatizmi qaçılmaz olur. Məsələn, doğuşda çiyinlərin distosiyası. Yenidoğulmuşun travmatizminin səbəbləri arasında əsas yerlərdən birini tutur. Təəssüf ki, profilaktikası mövcud deyil. Doğuşda çiyinlərin distosiyası zamanı həkim mama-ginekoloqlar tərəfindən bütün müvafiq tədbirlər görülsə belə, bu halda da doğuş travması ehtimalı böyükdür. Dölün bətndaxili hipoksiyasına gətirən preeklampsiya, bətndaxili infeksiyalar da doğuş travmatizminə gətirən səbəblərdən hesab olunur. Bundan başqa qadının da doğuş prosesi zamanı doğuşu idarə edən tibb personalının məsləhətlərinə riayət etməsi vacibdir. Ümumi cavab olaraq deyərdim ki, bəzi hallarda perinatal risk faktorlarını nəzərə almaqla, antenatal dövrdə mamalıq patologiyalarını, xüsusilə də bətndaxili infeksiyaları aşkar etməklə, adekvat müalicəsini aparmaqla, dölün qeyri-düzgün vəziyyətlərində və döl iri olduğu hallarda vaxtında planlı qeysəriyyə kəsiyi əməliyyatını icra etməklə, dölün ağır doğuş travmalarının profilaktikasını aparmaq mümkündür. Lakin təəssüf ki, heç də bütün hallarda doğuş travmatizminin qarşısını almaq mümkün olmur.

 

Tibb elmləri doktoru, professor, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev son dövrlər uşaqlarda görmə probleminin artmadığını deyir. Onun sözlərinə görə, bu, əhalinin sayını artması ilə əlaqədardır:

 

– Əvvəl səkkiz milyon idik, indi on milyon olmuşuq. Buna müvafiq olaraq da, xəstə sayında artım var. Uşaq xəstəliklərinin illik statistikasına görə, göz problemləri olan uşaqların sayında artım yoxdur.

 

Zərifə Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutundan Lent.az-a verilən məlumata görə, həftə ərzində 200-dən çox uşaq göz problemi ilə bağlı instituta müraciət edir. Ümumilikdə, institutda qeydiyyatda olan göz problemli uşaqların sayı 10 mindən çoxdur.

 

Sonda saglamolun.az saytına istinadən məktəb dövründə uşaqlarınızın görmə qabiliyyətinin qorunması üçün bir neçə xeyirli məsləhəti təqdim edirik:

 

– Dərs etdiyi zaman uşağın masa arxasında necə oturması çox vacibdir. Belə ki, düzgün oturmadıqda, o, həm bel sümüyünün əyilmə təhlükəsinə, həm də görmə defektinin artmasına səbəb olur.

 

– Dərs etdiyi məkan bərabər ölçüdə işıqlı olmalıdır. Təbii işığın olması vacibdir. Qış axşamlarında isə elektrik işıqla bərabər stolüstü çıraqdan istifadə etmək olar. Lakin çırağın işığı çox gur olmamalıdır ki, otağın ümumi işığı ilə kontrast yaratmasın.

 

– Problemlərin əsasından sayılan – televizor. Televizora baxdıqda gözlər gərgin vəziyyətdə olur. Xüsusən işıqsız otaqda, uzanan vəziyyətdə televizora baxmaq qadağandır. 3 metrdən yaxın olmayaraq, ekrana qıraqdan deyil, düz istiqamətdə baxmaq məsləhətdir.

 

– Dövrün ən əsas problemi – kompüter. Uşaqlar kompüter arxasında 15 dəqiqə oturduqdan sonra, mütləq şəkildə fasilə etməlidirlər.

 

– Qida rasionuna xüsusi diqqət yetirin. Çalışın A vitamini olan məhsullara üstünlük verin. A vitamini orqanizmin ümumi fəaliyyətinə təsir edir, infeksion xəstəliklərə qarşı mübarizəni gücləndirir, görmə orqanının fəaliyyətinə və gözlərin normal funksiyalarının təmin olunmasına yardım edir. Bu vitaminə süd, pendir, yağ, kəsmik, yumurta, kök, ispanaq, yeralması və qaraciyərdə rast gəlinir. Yerkökü, göy soğan, kahı, pomidor və əriyin tərkibində olan keratin maddəsi isə orqanizmdə A vitamininə çevrilir. A vitamininin gündəlik miqdarı 1 milliqram olmalıdır.

 

– Uşağınızın görmə qabiliyyətində hər hansı deffekt varsa, sinif müəlliməsinə xəbər verin ki, hansı masa arxasında oturmasının tənzimləyə bilsin.

 

– Gözlər üçün məşğələləri də unutmayın, onlar görmə qabiliyyətinə müsbət təsir göstərə bilərlər.

 

Ən əsas məsləhətimiz isə odur ki, uşağınızın görmə qabiliyyətində hər hansı dəyişiklik müşahidə etsəniz, mütləq göz həkiminə aparın!

loading...