Patrisiya Kaasın möhtəşəm Bakı KONSERTİ: hər kəsi ÜZÜNDƏN ÖPDÜ - FOTO/VİDEO

Patrisiya Kaasın möhtəşəm Bakı KONSERTİ: hər kəsi ÜZÜNDƏN ÖPDÜ – FOTO/VİDEO

Fransız musiqisinin vurğunları Patrisiya Kaasın bənzərsiz ifalarını dinləmək üçün dünən Heydər Əliyev Sarayında toplaşıb.

Dünya şöhrətli ifaçı oktyabrın 18-də Bakıda Heydər Əliyev Sarayının səhnəsində möhtəşəm konsert proqramı ilə çıxış edib. Bu dəfə müğənni Bakı tamaşaçılarını “Patricia Kaas” adlı yeni albomundan olan kompozisiyaları və ən yaxşı köhnə mahnıları ilə sevindirib. “Patricia Kaas” müğənninin sayca onuncu studiya albomudur ki, buraya ilk dəfə olaraq yalnız yeni mahnılar daxil olub.

Patrisiya Kaasın təkrarolunmaz ifalarının və sehrli energetikasının təsirinə düşmək istəyən tamaşaçılar da Heydər Əliyev Sarayına ən az onun qədər hazırlıqlı gəlmişdi. Qeyd etmək lazımdır ki, xanımlar fransızsayağı geyinməyə və bəzənməyə xüsusi diqqət göstərmişdi. Foyedə elə təəssürat yaranmışdı ki, sanki Patrisiya Kaas özü ilə birlikdə fransız mədəniyyətinin bir hissəsini də Bakıya qonaq gətirib. Konsertin başlamasına bir neçə dəqiqə qalmış səbəbkarı görməyə tələsən hər kəs zalda öz yerini tutmağa başladı. Beləliklə də çoxdan gözlənilən an yetişdi…

Tamaşaçıları çox intizarda saxlamayan ifaçı səhnəyə çıxaraq hər kəsi yeni ablomundan ifa etdiyi mahnısı ilə salamladı. Qonaqlar da öz növbəsində sevimli müğənnilərini bərk alqışlarla qarşıladı.

Məlum olduğu kimi, ifaçının yaradıcılığında kədərli, melanxolik və üsyankar mahnılar üstünlük təşkil edir. Öz üslubuna sadiq qalan Patrisiya konsertin açılışında da məhz blyuz kompozisiyalarına yer vermişdi. Onun bənzərsiz tembrində blyuz sadəcə qəmli səslənmirdi, həm də faciəvi təsir oyadırdı. Axı o, nadir və güclü səsə malikdir. Bununla belə ard-arda həzin mahnılar ifa edən fransalı ulduz tamaşaçıların kədərli notlarda köklənib qalmasına imkan vermirdi. P.Kaas mahnıların drammaturgiyasına, ritm və melodiyasına uyğun olaraq etdiyi rəqslərlə qonaqlarının bütün diqqətini özünə tərəf çəkirdi. Əvəzində sevənlərinə inanılmaz enerji ötürürdü.

Səhnədə dekorasiya minimum idi, musiqiçiləri də müğənni kimi qapqara geyinmişdi. Çünki, o, bir çox həmkarları kimi konsertdə dəyişdiyi kostyumlarla deyil, ifaları ilə yadda qalmağı seçmişdi. Ulduz qara uzun kimonosuyla elə həvəslə oynayırdı ki, hərəkətləri zalda böyük canlılıq yarada bilirdi.

Yeri gəlmişkən, təbiət Patrisiyanı təkcə nadir səslə mükafatlandırmayıb, bir çox nömrələrdə o, peşəkar rəqqasələrdən heç də geri qalmırdı. Onu da unutmaq lazım deyil ki, Patrisiya həm də istedadlı aktrisadır.

Patrisiya çox gözəl bilirdi ki, Azərbaycan tamaşaçısı fransız musiqi və mədəniyyətinə həm heyrandır, həm də həssasdır. O da öz növbəsində bu həssaslığa biganə qalmadı. Müğənni tamaşaçılara olan minnətdarlıq hisslərini Azərbaycan dilində “Çox sağ ol, Bakı. Bakını sevirəm!”sözləri ilə ifadə etdi.

Konsertdə Kaas yeni mahnılarından başqa, həmçinin dünyada tanınmış və sevimli hitlərini də səsləndirib. Məsələn, “Mademoiselle chante le blues”, “Mon mec à moi”, “Ceux qui n’ont rien”, “D’Allemagne”, “Et s’il fallait le faire” və başqaları.

Müğənni çıxışında onu da vurğulayıb ki, “Albom bu gün məni olduğum kimi təmsil edir və qəlbimdə olanları ifadə edir”. Bəli, bu, nə adi konsert, nə də göstərişli şou idi. Bu, sadəcə olaraq Patrisiya Kaasın öz müsbət emosiyalarını və enerjisini tamaşaçılarına ötürmək və onların bir gecəsini unudulmaz etmək üçün təşkil olunmuş heyrətamiz görüş idi.

Patrisiya beş üzvdən ibarət olan orkestrinə xüsusi diqqət və qayğı göstərirdi. Sonda konserti mükəmməl etdikləri üçün təşəkkür əlaməti olaraq onların hər birinin yanağından öpdü.

Böyük anşlaqla keçən konsertdə pərəstişkarlar sevimli müğənnilərini gül dəstələri və gurultulu alqışlarla yola saldı. Fenomenal Patrisiya Kaasın Bakı pərəstişkarlarına bəxş etdiyi unudulmaz gecə hələ uzun müddət hər kəsin yaddaşında qalacaq… (publika.az )


INSTAGRAM - Yerli ve xarici tanınmışlarin paylaşdıqları son fotoları səhifəmizde izleyin
loading...