Nazirdən xəbərdarlıq - “Nə qədər gec deyil, bu işi dayandırın”

Nazirdən xəbərdarlıq – “Nə qədər gec deyil, bu işi dayandırın”

Vergilər naziri Mikayıl Cabbarov Vergilər Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Vergilər. Şəffaflıq. İnkişaf”  konfransında çıxış edərək 11 fevral vergi işçilərinin peşə bayramı günü münasibətilə əməkdaşları təbrik edib.

Nazir vergidən yayınan şirkətlərə xəbərdarlıq edib:

“Vergilər Nazirliyi öz inkişafında böyük yol keçib. Bunun müsbət və mənfi tərəfləri də olub. Vicdanlı vergi ödəyicisinə fərq  qoyulacaq, onun səhv etmək haqqı olacaq. Biz vergi uçotunun bərpası ilə məşğul olacağıq. Vergi ödəyicilərini tərbiyə edəcəyik. Bir çox dünya ölkələrində olduğu kimi qanunvericilikdə olan boşluqdan istifadə edərək vergidən yayınırlar. Bəzi şirkətlər vergidən yayınmanı yaxşı bilən mütəxəssisləri işə götürürlər. Biz bunlardan məlumatlıyıq. Bir gün vergi mütəxəssisi qapınızı döyəcək. Nə qədər şirkət tanıyırıq ki, əmək haqqısı düzgün göstərilməyib.

***

Nazir çıxışında əhaliyə müraciət də edib:

“Marketkərdə kassa qəbzinin tələb edilməsi ayıb hesab edilməməlidir. Yəqin ki, evinizin altında olan dükanın satıcısı qonşunuzdur. Ondan aldığınız çörəyə görə “çek” istəsəz onun xətrinə dəyə bilərsiz. Amma fikirləşsəz ki, vergi nəyə xərclənir, onda tələb edərsiz. Vergi torpaqların qorunmasına, məktəblərin tikilməsinə, hər iki valideynlərini itirən gənclərin təhsilinə xərclənir.

Belə bir məsəl var: nəyisə dəyişmək istəyirsənsə, ilk növbədə özündən başla. Biz də ilk olaraq vergi orqanlarındakı problemlərin həllinə, şəffaf vergi sisteminin təkmilləşdirilməsinə davam edəcəyik.

Peşəkar mühasiblər barədə ayrıca danışmaq istəyirəm. Bulanıq su o şəxslərə lazımdır ki, qanunsuz yolla pul qazanmaq istəyir. Vergi hesabatı dolduran mühasib səhv edə bilər, amma saxta məlumat daxil edən mühasib bilməlidir ki, illər keçsə də, o işlərə görə məsul şəxs odur. Nə qədər ki,  gec deyil bu işi dayandırın. Yoxsa biz bu işi dayandırmaq üçün fəaliyyətə başlayacağıq”. (Qafqazinfo)


loading...