"Ermənilərə qan uddururdu" - Şəhid generalımız haqda

“Ermənilərə qan uddururdu” – Şəhid generalımız haqda

Ötən gecə Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonun sərhədyanı kəndlərini artilleriya atəşinə tutması nəticəsində “N” saylı hərbi hissənin qərargah rəisi, general-mayor Polad İsrayıl oğlu Həşimov şəhid olub.Lent.az şəhid generalımızın bioqrafiyası ilə bağlı oxucularını tanış edir:

Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Polad İsrayıl oğlu Həşimov 1975-ci ildə Sumqayıtda doğulub. Orta məktəbi də elə həmin şəhərdə bitirib. Ali hərbi məktəbi Azərbaycanda, akademiyanı isə Türkiyədə oxuyub. İki oğlu və bir qızı var. Böyük övladı hazırda 10-cu sinifdə oxuyur.

O, 2003-cü ildə mayor rütbəsində olarkən mərhum prezident Heydər Əliyevin sərəncamı ilə “Hərbi xidmətlərə görə ” medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə Polad Həşimov artıq polkovnik-leytenant rütbəsində prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalına layiq görülüb. 2014-cü ildə, Üçüncü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ildə aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə, İlham Əliyevin sərəncamı ilə artıq, II dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

24 iyun 2019-cu ildə prezidentin sərəncamı ilə Polad Həşimova general-mayor rütbəsi verilib.

Onu yaxından tanıyanların sözlərinə görə, şəhid general Ermənistanla sərhəd rayonlarımızda yaşayan sakinlərin daim bir döyüşçü kimi arxasında durub. Belə ki, mərhum qərargah rəisi hətta erməni mövqelərindən açıq görünən otlaq sahələrində mal-qarasını otaran kəndlilərin yanında olub. Onların rahat, sərbəst həyat şəraitinə şəxsən imkanlar yaradıb. Həmkəndliləri onun barəsində deyirlər ki, ermənilərə qan uddurub.

General-mayorun əsgəri olmuş Ramil Cabbarov özünün “Facebook” profilində komandirin şəhid olamsı ilə bağlı hisslərini bölüşüb:

“Şəhid olan general-mayor Polad Həşimov mənim komandirim idi. Duruşu ilə, danışığı ilə, peşəkarlığı və Vətənə sevgisi ilə igid kimi igid idi. Elə bir komandirimiz idi ki, hərbi heyət qarşısında çıxış edəndə içimizdəki vətənpərvərlik hissini elə alovlandırırdı ki, əliyalın düşmən üzərinə qaçmağa hazır idik. Tabora gələndə “öncə vətən!” kəlməsini elə içdən işlətmişdi ki, indiyə qədər səsli xatırlayıram. Vətən səni heç vaxt unutmayacaq, Cənab Komandir!”.

loading...