“Məleykənin fiqurasının vurğunuyam” - Anar Ağakişiyev

“Məleykənin fiqurasının vurğunuyam” – Anar Ağakişiyev

Fenomen.Az Stilist Anar Ağakişiyevin “Qafqazinfo”ya müsahibəsini təqdim edir:

– Neçə ildir ki, Azərbaycanda stilist kimi tanınsaz da, üzü yanan qadının makiyajından sonra ölkə, hətta dünya sizi tamam başqa cür tanıdı. Anarın yaradıcılığını bu işdən əvvəlki və sonrakı dövrə bölsək düz olar?

– 2015-ci ilən etibarən dünya mediası məndən yazmağa başlayıb. “Dailymail”, “Today America” və başqalarını misal çəkə bilərəm. Bir dalğa idi, yazılar yazılırdı, yaşlıları cavanlaşdırmağım barədə məqalələr dərc edilirdi. 2016-cı ildə dəyişimlərə fasilə verdim, 2017-ci ildə səhhətimdə problemlər yarandı. 2018-ci ilin əvvəlində Türkiyə, Hindistan, Avropanın populyar mediaları məndən yazmağa başladılar. Yaşlıları cavanlaşdırmağımı möcüzə adlandırdılar. Üzü yanan Nərmin xanımdan sonra bütün dünya ayağa qalxdı. Biz bir çox ölkələrin məşhurlarını tanımırıq, onları instaqramda 10 milyondan çox insan izləyir. Xorvatiya, Sloveniyadan olan şəxslər də reaksiya verdilər.

Bəli, iki dövrə bölməyinizlə tamamilə razılaşıram. 18 illik damğamı vurdum və sonradan yenidən sıfırlandım. Bu, sosial bir çağırış idi. Hər kəs bunu bilir.

– O makiyajı edərkən nə hisslər keçirdiz? Orada tək əl işi yox, həyat var idi…

– Əslində hissləri qapalı olan bir insanam. Efirdə, dostlar və cəmiyyət arasında ağlayan biri olmamışam. Məndə o hisslər yoxdur. Bir növ həkim kimi işimi gördüm, həmin an hisslərlə hərəkət etsəydim düzgün alınmazdı. Amma tək olanda çox pis oldum, 2-3 gün sonra dərk etdim ki, Tanrı mənim vasitəmlə hansısa yaxşı əməllərinə görə həmin şəxsi sevindirib. O, böyük bir depressiyadan xilas olub. Nərmin xanım əvvəl sıxılırdı, indi isə özgüvəni artdı.

– Həmin qızın taleyi nə yerdə qaldı? Demişdilər ki, onu əməliyyat edən tapılıb.

– Nərmin xanımı əməliyyat edən şəxs iş adamı deyil, Rusiyanın professoru və həkimlər kollegiyası öz üzərinə götürüb. İnşallah, mart ayında xanımla Rusiyaya yollanırıq. Təxminən 1 il ərzində əməliyyatlar olunacaq, üzünə dəri əkiləcək.

– Belə problemlərdən əziyyət çəkən xanımlar sizə yenə müraciət edirmi?

– Belə müraciətlər çoxdur. Son zamanlar qəribə hadisələrlə rastlaşdım. Qalmaqallar yaşadım, dünyada ard-arda terrorlar gördüm. Mənim insanlara inamım itmişdi. Mənim üçün hardasa dünyanın sonu idi. İnstaqramda bir çarxa baxdım. Çində qadın övladını küçədə dünyaya gətirir və uşaq yolun üstünə düşür, ana reaksiya vermir. Bundan şoka düşdüm. Daha sonra Nərmin xanım müraciət etdi, menecerimə şəklini yolladı. Nərmin xanım istəyirdi ki, mən onu tək özü üçün bəzəyim və heç yerdə paylaşmayım. Onunla görüşdüm, başa saldım ki, ciddi problem yoxdur. Şükür ki, sağalmaz xəstəliyin yoxdur. Dünyanın bir çox ulduzları xərçəngdən dünyasını dəyişir. Yəni problem aradan qalxan bir şeydir. Onu razı saldım, insanlara stimul verəcək belə bir addım atdıq, çağırış etdik. Sağ olsun, razılaşdı. BBC, CNN və başqa televiziyalar yayımladı.

– Paris Hiltondan başqa əl işlərinizə reaksiya verən dünya ulduzları olub?

– Paris Pilton instaqramda məni izləyir. Bundan başqa, Cenifer Lopez, Beyonsun geyimlərini hazırlayan dizayner Maykl da izləməyə başlayıb. Səhv etmirəmsə, Kim Kardaşyanın ögey, erməni olmayan bacısı həmin videonu bəyənib, şərh yazıb.  Kim Kardaşyanın vizajisti öz səhifəsində paylaşıb. Əsas mən tanıdıqlarım bunlardır. Bizimkilər isə öz yerində!

– Bir məsələyə də aydınlıq gətirməyinizi istərdim. İnstaqramda müəllif hüquqlarını işə salmısız. Başqa səhifələr sizin hesabdan video yükləyib paylaşanda problemlər yaranır…

– Bəli, belə bir şey var. Açıq etiraf edim ki, bu işləri bacarmıram. Xaricdə müqavilə bağladığım şirkət bu işləri görür. İnstaqram və feysbuku onlar rəsmi olaraq təsdiqlədiblər. Son bir neçə həftənin söhbətidir ki, müəllif hüquqları işə düşüb. Bəzi yerli səhifələr adımı belə yazmırlar. Bu zaman bildiriş gəlir, xəbərdarlıq edilir.

– Şayiələr yayılır ki, dünya mediasının sizi reklam etməsi üçün müəyyən məbləğdə pul ayırmısız. 

– Sizcə, bu reklamlar üçün nə qədər pul ayırmaq olar? Mənim 5-6 milyon dollarım yoxdur ki, dünya mediasında ödənişli əsaslarda məqalələr çıxartdırım. Əgər yaşadığım ölkədə onsuz da, başım buludlara dəyibsə, mənə bəsdir. Mənə Azərbaycan önəmlidir, hər zaman da mətbuat diqqət ayırıb. Mən heç dünya mətbuatını oxumuram, yerli saytlara baxıram. 9 dəqiqəlik sujetlər yayırlar, inanın, o məbləğim olsa, başqa bizneslərlə iş quraram. 5-6 milyon pulum olsa, bölgələrdən birində otel tikərəm. Hər bir qəpiyim qədrini bilirəm. Alın təriylə qazanıram, əziyyət çəkirəm.

– Sizin xarici görünüşünü dəyişdiyiniz xanımlar arasında yaşlı qadınların gəncləşməsi daha çox müzakirələrə səbəb olur.

– Tək Azərbaycanda yox, dünyada belədir. Yaşlılar daha çox səs-küyə səbəb olur. Biz bəyik, anlamırıq. Qadın yaşlanmaq istəmir. Həmin vaxt “Google” analitikdə ən çox axtarış verilən şəxs mən olmuşam. 1000-dən çox səhifədə həmin videolarımı paylaşırlar. Orada belə bir şərh yazılmışdı – “Anar üçün yaş sadəcə rəqəmdir”.  Bir qadın güzgüyə baxır, depressiyaya düşür. Xanımlarda rəqabət güclüdür, gənc xanımları ətraflarında görürlər, kompleksə düşürlər. İki saat ərzində isə minimum 20 yaş cavanlaşırlar. Bu nə deməkdir? İnşallah, mən çalışdığım şirkətdə kosmetika satışa çıxacaq. Mən o şirkətə satıldım. Həmin kosmetik vasitə Amerikada satılacaq. 24 saat ərzində xanımlara cavanlığı qaytaracaq. Bunun üzərində iki ildir ki, çalışırlar. Bir neçə saatlıq kosmetika deyil.

– Dəyişim videolarından sonra elə bil ki, hamı sizinlə əməkdaşlıq etmək istəyir. Belə düşünürəm ki, onlar müzakirə olunmaq istəyirlər. 

– Məşhurlarımız çoxdur, özləri və ətrafdakı dostları mənə müraciət edir. Amma həmin siyahıya düşmək çətin olacaq. Məsələn, Flora Kərimovanı bəzədim, uşaqlıqdan sevdiyim xanımdır. Aygün Bəylər isə uşaqlıqdan dostum olub. Məleykə Əsədovanı hər zaman dəyişmək istəyirdim, bu, baş tutdu. Belə də davam edəcək. Onların hamısı mənim xatirəmlə bağlı şəxslərdir.

– Dəyişim etdikləriniz arasında kimin işi ürəyinizcə olmayıb? Onun üçün eləmək istədikləriniz ürəyinizdə qalıb…

– Məleykə Əsədova… Xalq artistlərini bir sıraya düzsən, bədən ölçüsü və makiyajsız gözəlliyi ilə bəlkə də hər kəsi arxada qoyar. Bunu açıq etiraf edirəm. Onunla ehtiyatla çalışdım. Bir balaca büdrədim. Məsələn, mən həmişə qara geyinənəm, qırmızı geyinsəm özümü rahat hiss etməyəcəm. Məleykə xanımda da belə oldu. Məni düzgün başa düşün, ömür boyu sarı saçda olub. Bu səbəbdən üstünə çox getmədim. Söz verirəm, birinci etapı keçdim. Bəlkə də bir neçə ay sonra o xanımı tanımayacaqlar. Onun fiqurasının vurğunuyam.

– Məşhurlar arasında sizə kim daha çox kapriz göstərir? 

– Elə şeylərə fikir vermək lazım deyil. Bu boyda zamanını ayırır, daha sonra boş-boş kapriz etməsi bir az məni qıcıqlandırır. Amma səbr gözəl şeydir. Şükür Allahıma ki, səbrli biriyəm. Pambıqla baş kəsməyi sevirəm.

– Amma deyəsən yalnız işinizin başında səbrlisiniz. Bunu qalmaqallara aid etmək olmaz.

– Niyə? Nigar camal və Röya Ayxan arasında baş verən qalmaqalda sonadək səbrli davrandım. Fikir verdizsə, mən açıqlama verəndən sonra gərginlik bitdi. Baxmayaraq ki, Nigarı daha çox dəstəkləyirdim. Onun rəqabətdə Röyadan geri qalmasını istəmirdim. O, tənha və dəstəksiz idi. Röyanın güclü komandası var idi. Röya bir anlıq Nigarı kölgədə qoya bilərdi. Mən də Nigarı dəstəklədim, hardasa onu düzəltdim, Röyaya yaraşdı. O qalmaqalda susdum, gördüm ki, Nigar çıxıb nağıl danışır. Son ana kimi yalana dözmədim, faktları ortaya çıxardım.

– Show TV-də sizinlə bağlı yayımlanan sujetdə iki küsülü olduğunuz müğənninin (Günay İbrahimli və Nigar Camal) görüntülərini göstərdilər. Həmin sujetə baxanda hansı hissləri keçirdiz?

– Sevindim, onların yaddaşlarını bəlkə də təzələdim ki, bir zamanlar sizinlə çalışmışam. Günayın mənə qarşı xırda haqsızlığı oldu. Müqayisədə Nigar Camal mənə qarşı böyük hörmətsizlik edib. O şəkilləri mən seçməmişəm, kanal özü seçib qoyub. Amma kədərlənmədim, sevindim. Onlar da mənim yerlilərimdir.

– Ən bahalı stilistlərdənsiz. Bu paylaşımlar qiymətə təsir göstərib? Sirr deyilsə, minimum qiyməti açıqlayın. 

– Bir var bahalı stilist. Bir də var ki, bahalı və dəyərli stilist! Ad çəkməyəcəm, siz özünüz başa düşəcəksiz ki, kimdən danışıram. İstəmirəm o adamın adını çəkim, reklam olar. Qərib yerlərdə olur, bilinmir falçıdır, stilistdir. Gülməlidir, bunu özümə haqsızlıq hesab edirəm. Gecəm yoxdur, toy və yas görmürəm. Əlində fen və darağı tutmayan, stilistikadan anlamayan insan, heç geyimini bilmir. Açığı deyim: bunlara görə stilist sözündən iyrənirəm. Qazanan və həqiqətəndən bu adın öhdəsindən gələnlər var. Ancaq bu siyahıya süni şəkildə özünü salanlar da var. O insanları cəmiyyət tanıyır.

Devalvasiya belə qiymətlərə təsir etmədi. Qiymətləri 2011-ci ildən necə qoymuşamsa, elə də davam edir. Heç bir artım yoxdur. Qoyduğum büdcə məni qane edir. Müştəridən aldığım məbləğ üç yerə bölünür. Bir hissəsi mənim, digəri fırça və kosmetikanın yenilənməsi üçün və o biri isə işçilərimindir.

– Nə vaxta kimi dəyişim videoları ilə gündəmdə qalmağı düşünürsüz? Bunu TV və yaxud başqa bir layihə kimi təqdim etmək istəmirsiniz?

– “Youtube” layihəsi istəmirəm, amma TV-dən təklif gəlsə, dəyərləndirərəm.  İnstaqramlıq bir layihədir. Paralel olaraq televiziya ilə birgə nəsə etmək olar. Martda özümə istirahət ayıracam. Sosial şəbəkələrdən uzaqlaşacam. Qayıdandan sonra Azərbaycandan köçməyim barədə mətbuat konfransı keçirəcəm. Ölkədən getmə tariximi müəyyənləşəcəm. Müqaviləmi, şirkətin adını açıqlayacam. Çalışacağım dünya ulduzlarının siyahısını deyəcəm. Hər şeyin öz zamanı var. Tələsmirəm, insanlar məni sevir, vətənimdəyəm. Allahın sevimli bəndəsiyəm. Vəziyyətimdən razıyam, cəmiyyət mənə dəyər verir. Köçməyə tələsmirəm, şirkət nə vaxt desə gedəcəm. Getməyimin məqsədi var. Söz verirəm, zaman gələcək, 1 il filana hər şey dəyişəcək, dünyada məşhur olacam. Əsas o kürsüyə oturmaqdır, bundan sonra hər şey barədə danışacam. Sadəcə olaraq mənə xalqımdan dəstək lazımdır. Hələ ki, onu görmürəm, paxıllıq hissini duyuram.


loading...