İlham Əliyev hansı oliqarxı hədələdi? – “Əgər məsuliyyəti dərk etmirlərsə…” | Fenomen

İlham Əliyev hansı oliqarxı hədələdi? – “Əgər məsuliyyəti dərk etmirlərsə…”

  0 Comments

Ötən gün prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib. Prezident iclasdakı yekun nitqində iqtisadiyyatın bir çox sahələri ilə bağlı mövcud olan problemlər və planlar barədə danışıb.

Fenomen.Az xəbər verir ki, Virtualaz.org-un yazdığına görə, prezidentin çıxışında yer verdiyi məqamlardan biri də Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin gedişində meydana çıxmış problemlər barədədir.

Prezidentin çıxışından belə məlum olur ki, tikintinin birinci mərhələsinin başa çatması ilə bağlı qrafikə əməl olunmayıb. Və İlham Əliyev bildirib ki, limanın birinci mərhələsinin tikintisi bu il başa çatmalıdır.

Prezidentin çıxışından sitat: “Həm bütün infrastruktur, tikinti işləri, o cümlədən avadanlıq, bütün bu tədbirlər dövlət investisiya proqramında nəzərdə tutulur və icra ediləcək. Sadəcə olaraq, bu layihənin podratçıları da öz məsuliyyətini dərk etməlidirlər. İl ərzində bu məsələ ilə bağlı mənim böyük iradlarım olub, hökumət üzvləri bunu bilir. Bəzi icraçılar bu məsələyə çox laqeyd yanaşmışlar, baxmayaraq ki, dövlət vəsaiti ayrılıb, 2016-cı ildə o vəsaitdən tam istifadə edilməyib. Bu, dözülməzdir. Ona görə, əgər o məsuliyyəti dərk etmirlərsə, əgər dövlətin verdiyi sifarişi yerinə yetirməyə laqeydlik göstərirlərsə, bundan sonra dövlət sifarişlərindən məhrum ediləcəklər, qoy bunu bilsinlər. Ona görə, bu ilin payızına qədər Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsi bütün avadanlıqlarla, kranlarla təmin edilməlidir, əks halda özlərindən küssünlər».

Bəs prezidentin bu sərt xəbərdarlığı kimlərə ünvanlanıb? Strateji əhəmiyyət daşıyan iqtisadi layihənin həyata keçirilməsini ləngidənlər, bu işə görə məsuliyyət daşıyanlar kimlərdir?

Sayt yazır ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının təməli 2010-cu ildə qoyulub. Kompleksinin layihəsi Hollandiyanın “Royal Haskoning” şirkəti tərəfindən hazırlanıb.

Nəqliyyat Nazirliyinin rəsmi saytında göstərildiyi kimi liman kompleksinin 400 hektarlıq ərazisinin tikintiyə hazırlanması, habelə Bakı-Ələt-Gürcüstan sərhədi magistral avtomobil yolu ilə liman kompleksini birləşdirən yol infrastrukturunun layihələndirilməsi və tikintisi “Evrascon” ASC şirkəti tərəfindən yerinə yetirilib. Eyni zamanda, yeni liman kompleksinin quru hissəsində tikinti, malların təchizatı və quraşdırılması üzrə işlər və xidmətlər də “Evrascon” ASC tərəfindən aparılmaqdadır.

Liman kompleksi akvatoriyasında (giriş kanalı və dönmə akvatoriyası) dibdərinləşdirmə işləri Hollandiyanın “Van Oord Dredging And Marine Contractors B.V.” şirkəti tərəfindən yerinə yetirilib.

Prezidentin çıxışından dərhal belə nəticəyə gəlmək olar ki, iradların Hollandiya şirkətinə dəxli yoxdur. Bu iradlar məhz yerli şirkətə-“Evrascon” ASC-yə aiddir. Çünki limanın quru hissəsində tikinti, kran və qurğuların alınıb quraşdırılması işləri məhz bu şirkətə sifariş verilib. Və belə məlum olur ki, prezident ötən il ərzində limanın tikintisini bilavasitə nəzarətində saxlayıb və yaranmış problemlərə görə hansısa iri məmurlar buna görə əməlli-başlı tər tökməli olublar.


Fenomen.az saytı ilə əlaqə üçün E-mail: info@fenomen.az
INSTAGRAM- Yerli ve xarici tanınmışlarin paylaşdıqları son fotoları səhifəmizde izleyin
loading...