Ruhunu şeytana satan dahi musiqiçi

Ruhunu şeytana satan dahi musiqiçi

Skripkanı mahir şəkildə ifa edən çox insan olub, var və olacaq. Ancaq mahir ifaçılardan biri var ki, onu tanımağa və dinləməyə dəyər – Nikkolo Paqanini.

 

Bəziləri deyir ki, bu günədək yaşamış ən yaxşı virtuoz olub, digərləri isə bildirir: “O, öz dövrünün professionalı olsa da, indi ondan da yaxşı ifa edənlər var.” Fikirlər müxtəlif olsa da, bir gerçəklik var: Skripkanın istifadə olunduğu dövrün Paqaninidən əvvəl və sonra deyə ikiyə ayrılması.

 

XIX əsr bir çox mahir skripka ifaçısının şahidi olmuşdu. Ancaq Paqanininin professionallığı həmkarlarından üstün idi.

 

Bəstəkarın uşaqlığı

 

Məşhur italyan bəstəkarı, musiqi tarixinin ən məşhur skripka virtuozlarından olan Nikkolo Paqanini 27 oktyabr 1782-ci ildə İtaliyanın Genuya şəhərində anadan olub. O, Antonio və Tereza Paqanini cütlüyünün altı uşağından biri idi. Paqanini 5 yaşında olarkən atasından mandolina dərsləri alıb. 8 yaşından həvəskar musiqiçi olan atasından skripka dərsləri almağa başlayan Paqanini 11 yaşından professional musiqi dərsləri almaq üçün Parmaya gedir. Covanni Servetto və Alessandro Rola kimi məşhurlardan dərs alıb. 13 yaşında olarkən o, konsert turlarına başlayır. Skripka ilə kifayətlənməyən Paqanini mandolina və gitarada da ifa edib, gitara üçün konçertolar bəstələyib.

 

Paqanini xatirələrində qeyd edib ki, atası onun musiqi ilə məşğul olmağını çox istəyirdi. Oğlu musiqi ilə kifayət qədər məşğul olmadıqda isə atası onu ciddi cəzalandırırdı, bu isə onun sağlamlığına pis təsir edirdi. Ancaq Paqanini özü də getdikcə musiqi ilə daha çox məşğul olurdu. O, tapdığı yeni musiqi növləri ilə hamını təəccübləndirməyi bacarırdı. Elə mürəkkəb əsərlər yazırdı ki, özündən başqa heç bir skripkaçı bunu ifa edə bilmirdi.


Bəstəkarın karyerası

 

Paqanini 1797-ci ildə atası ilə birgə Lombardiyaya ilk konsert səyahətinə çıxıb. Qeyri-adi istedadı Paqaniniyə tezliklə böyük uğur gətirib. 1801-ci ildə, 18 yaşında bəstəkar Lukka Respublikasının birinci skripkaçısı adına layiq görülüb. 1805-ci ildə Lukkanı Fransaya birləşdirilən Napoleon oraya nəzarəti, bacısı Eliza Baççiokiyə verir. Elizanın həyat yoldaşına özəl dərslər verən Paqanini Baççioki sarayının skripkaçısı olub. Amma 1809-cu ildən etibarən Paqanini Baççiokini tərk edərək azad karyerasına başlayır.

 

Paqanininin Milanda, La Skaladakı konserti böyük uğur qazandıqdan sonra o, Avropadakı görkəmli musiqiçilərin diqqətini cəlb edir. Çarlz Filip Lafont və Luis Sfor ilə gərgin rəqabətləri olduğu üçün bir neçə il ərzində bəstəkarın İtaliyadakı konsert fəaliyyətinə məhdudiyyətlər qoyulub.

 

Paqanininin konsert turu 1828-ci ildə Vyanada başlayır, Almaniyanın, Polşanın, Çexiyanın əsas şəhərlərində olmaqla 1831-ci ildə Strasburqdakı konsertinə qədər davam edir.

 

Paqanini şöhrətə çatdıqdan sonra lüks həyat yaşayıb. O, çox pul qazanırdı və qazandıqca da çox qumar oynayırdı. Bir dəfə “Stradivarius” skripkasını qumar masasında girov qoyub, ancaq həmin gün konsertdə skripka ifa etməliymiş. Məcburiyyət qarşısında qalan Paqanini həmkarlarının birinin skripkasını borc alıb konsertə çıxıb.

 

Bəstəkar Livornoda verdiyi konsertdən sonra varlı fransız tacir ona “Guarnerius” skripkası hədiyyə edib. Paqanini həyatı boyunca bu skripkasında ifa edib. Skripka hələ də Cenevrədə sərgidə nümayiş olunur. Bu skripkasından əlavə onun çoxlu “Guarnerius” və “Stradivarius” skripka və violası olub.

 

Qumar ehtirası onu 1838-ci ildə Parisdə qumarxana açmağa vadar edir. Ancaq bu cəhdi uğursuzluqla nəticələnir. Bəzi məlumatlara görə həbsə düşür və ona əziyyət olsun deyə tək telli skripka verilir. Paqanini haqda yayılan bəzi məlumatlara görə, bir zamanlar skripka çalan dilənçiyə yardım edib və ona bir daha dilənmək məcburiyyətində qalmaması üçün çox pul qazandırıb.

 

Bəzi rəvayətlərə görə, konsertlərinin birində skripkanın 3 teli qopduğu üçün tək tellə bitirmək məcburiyyətində qalır və konsertin sonunda skripkasını parça-parça edir. Ancaq rəvayətlər bununla da bitmir, skripkasını parçalaması hamı tərəfindən çox bəyənilir deyə Paqanininin hər konsertin sonunda skripkasını parçalamağa başladığı və insanların sırf bunu görmək üçün konsertinə gəldiyi də deyilir. Onu dinləməyə yalnız aristokratlar, burjualar deyil, sıravi insanlar da gəlirmiş. Konsertə gələnlərin onu heyranlıqla dinlədiyi, xüsusilə qadınların özlərindən keçdikləri deyilir.

 

Paqaninidən təsirlənən musiqiçilər az deyil – Liszt, Brams, Rahmaninov, Şuman və s. Bir də Paqaninini idealı olaraq seçən məşhur gitarist də var – isçevli Yngvie Malmsteen.

 

1989-cu ildə çəkilən, Klaus Kinskin rejissorluq etdiyi və baş rolda oynadığı “Paganini Horror” filmi bəstəkara həsr olunub. Bu film, bəstəkarın ruhunu şeytana satması əfsanəsi əsasında çəkilib. Filmdə musiqi qrupunun ifası isə Paqanininin ruhunu oyatmasından bəhs edilir.

 

Şəxsi həyatı

 

Paqanini həyatı boyunca bir çox xanımla münasibət qurub. Onun qeyri-adi xarakterlərindən biri bitmək bilməyən cinsi istəyiymiş. Məlumata görə, maniakal dərəcədə cinsi münasibət düşkünü olan Paqanini şöhrətindən istifadə edərək bir çox qadını yoldan çıxarırmış.

 

Bu qədər qadını özünə heyran etməsi nəticəsində bir çoxları düşünür ki, yəqin çox yaraşıqlı olub. Ancaq o, yaraşıqlı olmayıb, əksinə çox eybəcər olub. O, qadınları sadəcə skripkası ilə, ifası ilə ovsunlayırmış.

 

1825-ci ildə birlikdə konsert turuna çıxdıqları Antoniya Binaçidən, Kayrus Aleksandr adlı oğlu olub. Oğlunun anasıyla evlənməsə də ömrünün sonuna qədər övladından sevgisini, diqqətini əsirgəməyib və onu da özü kimi musiqiçi edib.

 

 

Bəstəkarın ölümü

 

Paqanini həyatı boyunca xroniki xəstəliklərlə mübarizə aparıb. Onun Marfan sindromuna tutulduğu güman edilir. 1822-ci ildə ona sifilis xəstəliyi diaqnozu da qoyulub. Aldığı müalicələr zamanı isə qəbul etdiyi dərmanların tərkibində civə və tiryək olması ona həm fiziki, həm də psixoloji cəhətdən mənfi təsir edirdi. 1834-cü ildə Parisdə olan bəstəkar vərəm xəstəliyindən də müalicə olunub.

 

1834-cü ilin sentyabrında Paqanini konsert karyerasına son verir və Genuyaya qayıdır. Bir il sonra isə o, Parmaya gedir və həmin vaxtdan Napelonun ikinci həyat yoldaşı Mariya Luizin yanında çalışır.

 

1836-cı ildən isə Paqanini kazino işlətmək üçün Parisə qayıdır. Ancaq burada qarşılaşdığı müvəffəqiyyətsizliklər onun maddi sıxıntı yaşamağına səbəb oldu. Nəticədə o, zərərini kompensasiya etmək üçün şəxsi əmlakını və musiqi alətlərini hərraca çıxarmaq məcburiyyətində qalır. İki il sonra Milad günündə Parisi tərk edib Marselə, qısa müddətdən sonra isə Nitsa şəhərinə gəlir. Ancaq burada onun vəziyyəti pisləşir. 27 may 1840-cı ildə Paqanini qırtlaq xərçəngindən vəfat edir.

 

Paqanini skripkanı o qədər gözəl ifa edirmiş ki, xalq arasında onun haqqında müxtəlif şayiələr yayılır. Böyük skripka ustadının şeytanla dost olduğu, ruhunu ona satdığı və skripkasını şeytanın ona verdiyi sehrli qüvvətlə istifadə etdiyi deyilirdi. Bu fikir hətta ölümündən sonra da davam edib və cənazəsi uzun illər müxtəlif yerlərə aparılıb. Ölümündən sonra kilsə onun Genuyada dəfnini rədd edir. Bəstəkarın cənazəsi 1876-cı ildə Parma məzarlığına keçirilir. 1893-cü ildə çexiyalı skripkaçı Frantsek Ondriçek, Nikkolonun cəsədini görmək üçün Paqanininin nəvəsi Atillanı razı salıb. 1896-cı ildə  isə Paqanininin cəsədi Parmadakı yeni məzarlıqda dəfn edilib.

 

Paqanini haqqında yayılan şayiələrin əsas səbəbinin onun əlinin skelet quruluşunun qeyri-adi olduğu və skripkanı fərqli texnika ilə istifadə etməsiydi. Ölümündən sonra onun skeletini araşdıran həkimlər isə məsələnin əsl səbəbini tapıb. Onun əslində Marfan sindromu və Ehlers-Danlos sindromu nəticəsində əllərinin bu cür olduğu və bu səbəbdən öldüyü müəyyən edilib.

loading...