Avropanın DƏLİ KRALI – homoseksual II Lüdviqin müəmmalı ölümü

Avropanın DƏLİ KRALI – homoseksual II Lüdviqin müəmmalı ölümü

Avropanın ən çılğın krallarından olan Bavariya kralı II Lüdviqin həyat tərzi, eləcə də müəmmalı ölümü həmişə tədqiqatçıların diqqət mərkəzində olub. “Nağıllar kralı” adlandırılan Lüdviqin elə üzünə dəli olduğunu deyirdilər. Bəs kral oğlu üzünə söyüləcək qədər zəif, psixoloji vəziyyəti bərbad idimi?

Məsələ burasındadır ki, Lüdviq öz qəribəlikləri, daha doğrusu qədim dövrlərə olan marağı ilə insanları təngə gətirirdi. O, hələ uşaqkən Andersenin hekayələri ilə yatıb-durur, 16 yaşından isə əvvəlki dövrləri əks etdirən operalarla maraqlanırdı. Sonrakı dövrlərdə fanatik dərəcədə qədim qəsrlərə meyil salaraq özü üçün də belə qəsrlər tikdirməyə başladı. O, özünü qədim dövrlərin cəngavərlərindən sayırdı. İş o yerə çatdı ki, ölkənin bütün xəzinəsi Noyşvanştayn malikanəsinin tikintisinə xərcləndi. Üstəlik, xarici dövlətlərdən də borc alındığından ölkə əməlli-başlı çıxılmaz vəziyyətə düşmüşdü. Əhalinin yaşayış səviyyəsi düşmüşdü, hərc-mərclik, quldurluq baş alıb gedirdi. Kral isə özünün qədim qəsrlərdən seçilməyən malikanəsində “cəngavər”liyindən həzz alırdı. Ən çox da saray əhli boğaza yığılmışdı. Bircə sənədə möhür vurdurmaqdan ötrü dağlara-daşlara düşürdülər.

Ölkənin bu vəziyyətindən istifadə edən Avstriya və Prussiya (indiki Almaniya) da Bavariyanı sıxışdırır, ərazilərinə göz dikirdilər. Nəticədə, 1866-cı ildə Prussiya ilə sülh müqaviləsi imzalandı. Bavariya torpaqlarının bir hissəsini və olan-qalan pullarını da qonşu dövlətə verməli oldu.

Kralın dillərə düşən bir cəhəti də evlənməkdən imtina etməsi idi. Bunun səbəbi əvvəllər naməlum olsa da, qəsr hazır olandan sonra üzə çıxdı. Qəsrdə təşkil olunan ziyafətlər əslində, orgiya (kütləvi seks) xarakterli idi. Orgiya iştirakçıları isə eynicinsli insanlardan ibarət olurdu. Kralın bu “məşğuliyyət”i tezliklə istər öz ölkəsi, istərsə də qonşu dövlətlər arasında daha da nüfuzdan düşməsinə səbəb oldu.

1886-cı ildə Münxendə həkimlərin toplantısı keçirildi. Kralın özünün xəbəri olmadan onun dəli olması barədə qərar çıxarıldı. Bundan sonra isə xüsusi təyinatlı qoşun hissələri Noyşvanştayn malikanəsinə göndərilərək kralı paytaxya gətirməklə görəvləndirilib. Lakin kral buna etiraz edib və ətrafında olan sadiq döyüşçülərlə mühafizə olunub. Yalnız bir müddət sonra eşikağalarından biri pulla ələ alınıb və görəvliləri qəsrə buraxıb.

Kral dəfələrlə dəli olmadığı, haqsız yerə tutulduğu ilə bağlı qəzetlərə məktub yazaraq mətbuatdan kömək istəyib. Amma bu işdə marağı olan qüvvələr kralın məktublarının qəzetlərə gəlib çatmasına izn verməyiblər. Kralın sadiq qulluqçusu qəzetlərdən birinə məktubu çatdırıb, amma müvəqqəti hakimiyyət qəzetin bütün tirajını satışdan qaldırıb. Bundan sonra mətbuata ciddi xəbərdarlıq edilib.

Çarəsiz qalan Lüdviqin razılaşmaqdan başqa əlacı qalmayıb. Hakimiyyəti əmisi Luitpolda təhvil verərək Berq malikanəsində ev dustaqlığına salınıb. Elə növbəti gecə həkimi, professor Bernhardla göl qırağına gəzintiyə çıxıb, səhəri gün hər ikisinin meyiti tapılıb. Bu günə qədər də onların ölümü müəmmalı qalır. Bir fərziyyəyə görə, Lüdviq intihar məqsədilə özünü göldə boğmaq istəyəndə həkimi mane olmağa çalışıb, amma müyəssər olmayıb, ikisi də boğulublar. Digər fərziyyədə isə onların siyasi qüvvələr tərəfindən qətlə yetirildiyi deyilir. Odur ki II Lüdviqin ölümü tarixin açılmamış cinayətləri sırasına qatılıb.

Kralın ölümündən cəmi iki ay sonra Noyşvanştayn malikanəsi ziyarətçilərin üzünə açılır və çox tezliklə tikintiyə xərclənən pullar geri qayıdır. Elə indiyədək də xeyli gəlir gətirən tarixi abidələrdəndir. Bu muzeyin ziyarətindən yığılan pullar bir araya toplansaydı, onlarla belə qəsr tikmək olardı. Yəni bir vaxtlar qınanan kral əslində, doğma torpağında misilsiz bir abidə qoyubmuş. Başqa sözlə, dəlidən doğru əməl… (publika.az)


loading...