Vicdan əzabı çəkən Nigar Camal SİRLƏRİNİ AÇDI: "15 il əvvəl qarınlı kişilər..."

Vicdan əzabı çəkən Nigar Camal SİRLƏRİNİ AÇDI: “15 il əvvəl qarınlı kişilər…”

Fədakar qadın olmadığını deyən müğənni Nigar Camal estetik bədən əməliyyatı etdirməsi haqqında gəzən xəbərləri təkzib edib. 38 yaşlı müğənninin sözlərinə görə, bədənin hələlik heç bir estetik əməliyyatına ehtiyacı yoxdur və özünü olduğu kimi sevir.

Sənətçinin Publika.az-a müsahibəsini təqdim edirik:

– “Sənin əsirinəm” adlı yeni kilipinizi təqdim etdiniz. Mahnının adı və sözləri diqqət çəkir. Nə vaxtsa kiminsə və ya nəyinsə əsiri olmusunuz?

– Yaxşı mənada ola bilsin ki, baş verib, pis mənada heç vaxt heç kimin əsiri olmamışam.

– Bəs sevginin?

– Yox. Bu, sadəcə mahnı sözləridir, onların həyatımla hər hansı əlaqəsi yoxdur. Düşündüm ki, bu yay üçün maraqlı sevgi mövzusu və mahnısı olacaq. Mənim üçün vacib idi ki, layihə çox əyləncəli alınsın.

– Səhnədə cəlbedici obrazları sınaqdan keçirməyə çəkinmirsiniz. Bu, daxili çılğınlığın əlamətləridir?

– Səhnədəki çılğınlığım daxili cəsarət hissinin ifadəsidir. Cəsarətli olduğumu ilk dəfə uşaq ikən hiss etmişdim, qorxmaz insanam. Bu xüsusiyyətimi müsbət əlamət kimi qiymətləndirirəm.

– Açıqsözlü olmaq sizə həmişə əlavə xal qazandırır?

– Qalmaqal yaratmağı və şişirtməyi xoşlayanlar nə yazıq ki, çoxdur. Fikrini açıq şəkildə desən, onu dəyişə bilirlər və nəticədə xoşagəlməz situasiya yaşanır. Düşünürəm ki, şou-biznes qalmaqallarından uzaq durmağın ən yaxşı yolu bəzən susmaqdır.

– Nigar Camal həm tərzi, həm də bədən quruluşu ilə digər həmkarlarından seçilir. Sənət yoldaşlarınızın nə vaxtsa bu gözəlliyi qısqandığını hiss etmisiniz?

– Sənət yoldaşlarımın çoxundan uzaq gəzirəm. Ən yaxın dostlarım Samir Cavadzadə, Eldar Qasımov və Ranar Musayevdir. Ürəyimə yatan və mənimlə eyni dəyərlərə sahib olan insanlarla dostluq qururam. Əgər kimsə xoşuma gəlmirsə, onların xətrinə dəymədən uzaqlaşmağa üstünlük verirəm. Bu, onların pis və ya qara qəlbli olduğunu göstərmir, sadəcə enerjilərimiz uyğun gəlməyə bilər.

– Onu da deyirlər ki, estetik bədən əməliyyatları keçirmisiniz. Deyilənlər doğrudur?

– Bu sözləri Röya mənlə dalaşanda və küsəndə demişdi. Hələ ki, əməliyyata ehtiyacım olduğunu düşünmürəm.

– Bəs Cennifer Lopese bənzərliyin karyeranıza təsiri varmı?

– Dünya səviyyəli ulduza bənzəmək məncə, üstünlükdür. Ceyloya bənzədilmək çox xoşdur. O, həm gözəl, həm istedadlı, həm də çox cazibədar xanımdır. Əsas odur ki, hansısa gözəl bir müğənniyə oxşayasan, nəinki, eybəcər və ya transa.

– Həyat sizin qaydalarınızla oynayır, ya siz həyatın qaydaları ilə?

– Ancaq özünü tapan adam həyatını istədiyi kimi idarə edə bilər. İstədiyim kimi yaşayıram, ruhumun azadlığını boğmuram. Məni nə isə narahat edirsə, çalışıram ki, ondan uzaqlaşım. Əlbəttə ki, dəyişdirə bilməyəcəyim vəziyyətlər də var, bu halda qəbul etməkdən savayı başqa çıxış yolu qalmır. İstəsən də, istəməsən də, qəbul etməli olursan. Taledən qaçmaq olmur. Mənim üçün həyatın hər üzü gözəldir. Hər bir məsələdə beləyəm, hətta sevgidə. Ya qəbul edirəm, ya da unuduram.

– London və Bakı arasında qalmısınız. Aylıq təyyarə xərclərinizi açıqlaya bilərsiniz?

– Qiyməti deməsəm də, etiraf edirəm ki, xərcim çoxdur. Xoşbəxtlikdən Bakıda işlərim o qədər artıb ki, bu xərci hiss etmirəm. Həm də başqa bizneslə məşğul oluram.

– Nə biznesidir?

– “Eurovision”dan sonra balaca bir biznes qurmuşam, ordan da gəlirim var.

– Övladlarınızın ataları ilə münasibəti necədir?

– Həmişə demişəm ki, uşaqların hər iki valideynilə münasibətləri yaxşı olmalıdır. Uşaqlar üçün ana və atasının sevgisini hiss etmək vacibdir. Bu, birbaşa uşaqların psixologiyasına təsir edir.

– Keçmiş həyat yoldaşınızla dost qala bilmisiniz? Ümumiyyətlə, keçmiş ər-arvadın dost olması mümkündür?

– Keçmiş həyat yoldaşımla heç bir problemim yoxdur, lakin 7-8 il əvvəl baş vermiş ayrılığın söhbətini aparmaq istəmirəm. Qarşıda olan şansları dəyərləndirmək lazımdır.

– Ailə qurmaq istərdiniz, yoxsa sevgini azad yaşamaq sizə daha yaxındır?

– Münasibətlərdə başlıca şərtim odur ki, yanımdakı insan dürüst olsun və mənə hörmət etsin.

– Xəyanət etməyən kişi yoxdur, sadəcə göz yuman qadın var. Nə zamansa xəyanətə göz yummusunuz?

– Kişilərin 90 faizi xəyanət edir. Elə bir həyatda yaşayırıq ki, artıq qadınlar da eynisini edir. Sevgi və hörmət üzərində qurulan münasibətlərdə cütlüklər xəyanətə meyilli olmur. Hesab edirəm ki, kişi və qadın arasında pərdə olmalıdır.

– Fədakar, yoxsa eqoist qadınsınız?

– Heç biri. Özünü başqalarına qurban verməyi dəstəkləmirəm, qızıl orta mənə daha yaxındır. Ruhun sakitliyi üçün bu, vacibdir.

– Ana kimi necəsiniz?

– Hər kəs səhv edir, amma çalışıram ki, ana olaraq həyatımda böyük səhvlərə yol verməyim. Səhvlər buraxdıqca vicdan əzabı məni boğur. Sərt ana deyiləm, dost olduğumuzu da deməzdim, daha çox uşaqlara psixoloq qayğısı ilə yanaşıram.

– Havanı olduğu kimi, küləyi əsdiyi kimi, qadını da olduğu kimi qəbul edin, deyirlər. Sizi olduğu kimi qəbul edirlər?

– Cəmiyyətdə, ya münasibətlərdə?

– Münasibətlərdə.

– Bu, qadından asılıdır. Qadının özünü aparması və yürütdüyü siyasət münasibətlərin gedişatına və ömrünə təsir edir. Əgər ağıllı qadınamsa, sevdiyim insan məni olduğum kimi qəbul edib hörmət göstərəcək. Ümumiyyətlə, dalaşmaq və yersiz konfiliktlər mənlik deyil, hörmət görmədiyim yerdə qalmaram.

– Kişilərin qəlbini çox qırmısınız?

– Tək qalmamaq və ya münasibət qurmaq xətrinə heç kiminlə sevgili olmamışam. Əgər hisslər varsa, normal münasibət olmalıdır.

– Gözəlliyinizin əsas silahı nədir?

– Baxımlı qadın həmişə diqqət mərkəzində olacaq.

– Bəs qadını cavan saxlayan nədir?

– Əvvəlki illərlə müqayisədə indi qadınlar öz gözəlliyinin qeydinə daha çox qalır, bu məsələyə daha intellektual yanaşmağa başlayıblar. 15 il əvvəl qarınlı kişilər çox idi, indi onlar da özünə baxır və idmanla məşğul olur.

– Həyat sizə kimə və ya nəyə inanmağı öyrədib?

– Həyat mənə həm ləyaqətli dostlar qazanmağı, həm başqaları ilə məsafə saxlamağı, həm də mümkün qədər sadə olmağı öyrədib. Sədalik daha çox uğur vəd edir.

loading...