Sizcə, Günay İbrahimli aya nə qədər qazanır? - FOTOLAR
Fenomen.Az

Sizcə, Günay İbrahimli aya nə qədər qazanır? – FOTOLAR

Atvxeber.az bu həftədən oxucularına yeni “Olduğu kimi” rubrikasını təqdim edir. Tanınmışların, göz önündə olanların olduğu kimi söhbətini sizə çatdırmaqdır məqsədimiz. Radio aparıcısı kimi çalışdığım 106.3 FM radiosunda Azərbaycanın ən populyar, ən reytinqli məşhurları ilə söhbətim olub. Amma ki, informasiya portalı üçün xəbər hazırlamaq çox həyəcanlıdır, sanki ilk dəfə müsahibə alıram kimi…

İlk qonağım da çox həyəcanlı görünür. Bu müsahibə həm mənə, həm ona maraqlı gəlirdi. Söhbət bu ilin ən çox danışılan ifaçılarından biri – Günay İbrahimlidən gedir.
– Yeni başlayan bir layihənin ilk qonağı olmaq bilirsən nə deməkdir. Bunu qazanmaq çətin oldu?
– Çox çətin oldu, çox. Amma indi rahatam. Çətinliklərim olmasına baxmayaraq, elə bil kimsə məni qabağa itələyirdi, uğur qazanırdım. Sən məni dəvət edəndə təəcübləndim. Çünki, həmişə radioda müsahibə almısan, indi tamam başqa bir ortamdayıq. Mənə elə gəlir ki, çox səmimi olacağıq. İnan ki, qatılacağım verilişlərdən çox önəmlidir mənim üçün bu müsahibə. Elə bir zamandayam ki (düşünür)… Məncə, bu müsahibə çox oxunulacaq (gülür).

– Sənətində yaxşılığa doğru gedən dəyişikliklə yanaşı, şəxs olaraq səndə də fərqlilik görürəm…
– Böyüyürəm… Dəyişməyim mənim ətrafımdan, çevrəmdən irəli gəlir. 24 yaşım var, amma yaşıma görə çox şeylər görmüşəm. Bunu özündən razılıq kimi qələmə verməsinlər, amma indi artıq hər çağırılan verilişə getmirəm, seçirəm. Belə lazımdır, bu mənim öz fikrimdir. Heç kim deməsin ki, Günay artıq ulduzluq edir. Elə verilişlər var ki, müğənni illərlə qazandığı hörməti orda itirə bilər, mən necə gedim ora? Bu məsuliyyətdən irəli gəlir, ulduzluqdan yox.

– Bəs əvvəllər niyə belə etmirdin? O verilişlərə çıxmağa məcbur idin?
– Etiraf edirəm ki, hə, məcbur idim. Bir misal çəkim. “Səndən öncə, səndən sonra” mahnısının populyar olacağını düşünmürdüm. Elə-belə, şansa buraxdım. Amma indi mən heç vaxt düşünməmiş mahnı buraxmaram. Hər verilişə çıxmağım da elə idi. Amma indi çox məsuliyyətliyəm.

– Həyatında neçə dəfə aşiq olmusan?
– 8-ci sinifdə oxuyurdum, bir oğlan xoşuma gəlirdi, amma sevmirdim. Uşaq olmuşam. Amma həqiqətən bir dəfə sevmişəm. Özü də etiraf edim ki, təzəlikcə olub. Ayrıldım, çünki təkcə sevgi kifayət etmədi. Düzdür, sevgi qarşılıqlı olub, sevmişik bir–birimizi, amma müəyyən bir müddətdən sonra görmüşəm ki, sevgidən mühüm məqamlar var. Onunla sevgili olmamışdan qabaq elə düşünürdüm ki, bizdə alınar. Amma bərabər olduqdan sonra anladım ki, dost qalsaq, yaxşı olar.

– Bir müddət ailənin sənətinə qarşı olması və hətta sənin ailəni tərk etməyinlə bağlı xəbərlər yayıldı. İndi necədir vəziyyət?
– Ailədən çox qohumlarım qarşı çıxırdılar. Hətta ilk dəfədir deyirəm, nənəm indiyə kimi mənimlə danışmır. Mənim bu sənətdə olmağımı qəbul etmir. Amma bu yaxınlarda bir verilişə çıxmışdım, birlikdə çalışdığım Sevincə zəng edib demişdi ki, niyə Günay o verilişə çıxıb. İllərdən sonra bu onun ilk zəngi idi. Artıq hər şey yoluna düşür və məni anlamağa çalışırlar.

– Səni sevənlər çoxdur, amma sevməyənlər də çoxdur…
– Məni nə qədər sevən var, bir o qədər də sevməyən var. O düz sözdür ki, səni hamı sevə bilməz. Amma mənə çox maraqlıdır, görəsən məni niyə xoşlamırlar? Səbəb nədir?

– Sonuncu dəfə özün üçün nə etmisən?
– Əynimdə olan köynəyi bu gün almışam.

– Neçəyə almısan?
– Çox baha deyil, 65 manata (gülür).

– Bu qədər çox çalışmağına baxmayaraq, itirdiklərin olub?
– Olub, dəfələrlə… İştirak edəcəyim məclislərdən, tədbirlərdən, verilişlərdən qəsdən uzaqlaşdırılmışam. Amma bir qapı bağlanıbsa, min qapı üzümə açılıb. Yolumu bağlayan insanları da tanımışam, zəng edib deməmişəm ki, niyə belə edirsən? Axarına buraxmışam, ondan da yaxşı olub işlərim. Çünki, o keçmişdə qaldı. Mən o adamla dava etməklə heç nə düzəlməyəcək. Onun da mənə işi düşəcək, eybi yox.

– Təzə oxumağa başlayanda nə qədər büdcə ayrılmışdı sənin üçün?
– Düzünü deyim?

– Əlbəttə
– 100 min manata yaxın.

– Məşhurluğun resepti necədir?
– Sənətə önəm verməlisən, məqsədin təmiz olmalıdır, təkcə məşhur olmaq üçün gəlməməlisən bu sənətə…

– Müğənni olmamışdan qabaq nə işlə məşğul idin?
– Bilirsən, mən əvvəl nə işləmişəm? Uşaq hazırlaşdırmışam evdə. Fortepiano üzrə. İlk maaşım o vaxtın pulu ilə 40 şirvan olub (gülür). 11 il fortepiano məktəbi keçmişəm, 7 il musiqi məktəbi, 4 il də Asəf Zeynallıda oxumuşam.

– Aya nə qədər pul qazanırsan?
– 30-40 min manat, hərdən çox da olur. Amma bu pullar mənə çatmır, pul gəlir və gedir. Qazandığım pulu yenə də piarıma qoyuram. Bunun geyimi var, klipi var və s. Yeri gəlmişkən, çəkdirdiyim kliplərin heç birini bəyənmirəm. Rejissorlarımız inciməsinlər, 10 dənə klipim var, heç birini də bəyənmirəm.

– Niyə bəs klipi təhvil alırdın?
– Neynəyim? Artıq klip hazırdır, geriyə dönüş yoxdur. Onsuz da ikinci dəfə çəkilsə, lap pis olacaq.

– Özünə qulaq asırsan?
– Asıram, “Ola bilərdin” mahnısından başqa. Çünki, mahnını burnumda oxumuşam. O mahnıya qulaq asa bilmirəm. Soruşa bilərsən ki, niyə təzədən oxumadın? Dinləyici o mahnını elə qəbul eləmişdi, ona görə.

– “Bayramda küsülü qalmazlar” atalar sözünə əməl edənlərdənsən deyəsən?
– İlin sonuna yaxın barışıqlar oldu. Ceyhun Əliyev və Təranə Səmədova ilə barışdıq. Küsülü qalmaq yaxşı deyil.

Müsahibəni davam etdirmək olardı, sadəcə Günay mənimlə görüşməmişdən öncə siması olduğu yeni markanın reklam çəkilişində idi. Yorulduğunu nəzərə alaraq, söhbətimizi elə burdaca yekunlaşdırdıq.

Kazım Bağırov

loading...