Ramina Abbasova: Oğlana qız paltarı geyindirib, önümdə diz çökdürmüşəm - MÜSAHİBƏ

Ramina Abbasova: Oğlana qız paltarı geyindirib, önümdə diz çökdürmüşəm – MÜSAHİBƏ

Tanınmış model və bloqer Ramina Abbasovanın Oxu.Az-a müsahibəsi:

– Ramina, sizi tanımayan oxuyucularımıza özünüzü tanıdın. 

– 1992-ci ildə Bakıda anadan olmuşam. Ailəm üç nəfərdən ibarətdir: anam, atam və mən. Ailənin yeganə övladıyam. Çoxşaxəli insanam. Həm model, həm aktrisa, həm bloqer, həm də “viner”əm. 

18 yaşımdan incəsənət sahəsinə yönəldim. Hazırda isə başım ifaçılıq sənətinə qarışıb. Müğənni kimi də fəaliyyət göstərirəm. Bir sözlə, “kompot”. “Maşup” oxumuşam, “Youtube”da baxış sayı üç milyonu ötüb. Toylara da dəvət alıram. Oraya isə adi müğənni kimi deyil, Merlin Monro və digər dünya şöhrətli müğənnilərin obrazında gedirəm, yarım saatlıq çıxışımın qonorarı 500 AZN-dən başlayır.

Hamı mənim model və aktrisa kimi bacarıqlarıma bələddir. Demirəm ki, super səsim var və bu sənətin məktəbini, universitetini bitirmişəm. Aygün Kazımova və ya Röya olmaq niyyətim də yoxdur. Oxudum, sınadım, məncə, pis alınmadı. Amma özümü tərifləyə də bilmərəm.

Buna kənar insanlar qiymət verməlidir. Çünki musiqinin içində “yeniyəm”, təcrübəm də azdır. İnsanlar əgər o qədər baxıb, izləyib və müsbət şərhlər yazıblarsa, demək, düz yoldayam. Sorğu-suala tutub, məndən yeni mahnılar oxumağımı istəyirlər. Mən də bu istəkləri nəzərə alıram.

– Hamı səni açıq-saçıq foto və videolarınla tanıyır. Öz yaşıdların arasında məşhursan.  Çəkdirdiyin ehtiraslı fotolara ailən, qohumların necə münasibət bəsləyirlər?

– Bizim ailə müasir düşüncəlidir. Bir çox ölkələrdə – Gürcüstanda, İsraildə, ABŞ-da qohum-əqrəbam yaşayır. Ona görə etdiklərim onları təəcübləndirmir. Bir çox qızlar məndən də açıq-saçıq fotosessiyalar etdirirlər, amma nədənsə gözə girən yenə də mənəm. Mənim kimi geyinən  qızların sayı çoxalıb. Şəhərdə açıq-saçıq geyimə münasibət normaldır, amma şəhərdən kənarda fikirlər dəyişməyib.

– Qonşular səni görəndə söyürlər, yoxsa tərifləyirlər?

– Köhnə yaşadığım yerdə yadıma gəlir ki, saçlarımı çəhrayıya boyamışdım. Qonşuluqda yaşayan yaşlı insanlar məni görəndə ağız əyirdilər, tənqid edirdilər. Deyirdilər ki, mənim başım çatmır, dəliyəm. Sonra hər gün məni eyni saç rəngində görəndə, gözləri öyrəşdi və artıq əvvəlki kimi reaksiya vermirdilər. İndi yaşadığım yerdə isə şou-biznesin bir çox nümayəndələri yaşayır. Hətta məni tanıyıb, şəkil çəkdirirlər. Qonşular məni görəndə ünvanıma təriflər yağdırırlar.

– İmic üçün soyunursunuz, yoxsa pul qazanmaq üçün?

– Bizdə bəzi modellər açıq-saçıq şəkilləri özlərini PR etmək üçün çəkdirirlər. Məndə isə tamam fərqlidir. İlk açıq-saçıq çəkilişim 2016-ci ildə dünya şöhrətli marka “Victoria Secret`s”lə olub. Təklif onlardan gəldi. Bu markanın butikinin açılışı planlaşdırılırdı. Təkcə mənə yox, digər tanınmış xanımlara da təkliflər gəlmişdi. Sonra hamımızla təkbətək görüşdülər.

Onlar gözəl simalı, bədən quruluşlu və Avropa tərzli bir model axtarırdılar. Bu standartlara uyğun gəldiyimə görə mənim üzərimdə dayandırdılar. Təbii ki, mən də gələn təklifə “hə” dedim. Bu cür dünya səviyyəli bir markanın siması olmaq, podiuma çıxmaq, hətta fotosessiyada belə iştirak etmək böyük uğurdur.

Bu, mənim ilk açıq-saçıq fotosessiyam oldu. Yəni qısa ətəkdə yox, alt paltarlarında. Ən yüksək qonorarlardan birini elə oradan qazandım. Bundan sonra yenə də mənə türk markalarından təkliflər gəldi. Daha sonra özüm çimərlik geyimində, dəniz sahilində ehtiraslı və seksual fotosessiya etdirdim. Orada da mən alt paltarında deyil, çimərlik geyimindəyəm. Alt paltarında şəkillər çəkdiməkdə məqsədim isə yalnız yaxşı gəlir əldə etmək, pul qazanmaq idi.

Özüm üçün çəkilən şəkillərə gəldikdə, gözəl bədənimi nümayiş etdirməyi sevirəm. Bədənim gözəldir. Amma nədənsə izləyicilərin əksəriyyəti şəkillərdə fotoşopdan istifadə etdiyimi yazırlar. Onların bu rəylərindən qətiyyən narahat olmuram. Sonra “Instagram” hesabımın “Hekayə” bölümünə videogörüntümü çəkib izləyicilərimlə paylaşıb deyirəm: “Baxın, hazırda həmin yerdə və həmin çimərlik geyimindəyəm. Videonu fotoşop etmək olmur. Baxın görün ki, fotolarımda da fotoşop yoxdur. Yazılan pis, neqativ dolu rəylərə isə pozitiv cavablar verməyə çalışıram.

– Sizi təhqir edənlərlə necə mübarizə aparırsınız?

– Məni söyənləri bloka atıram, yazdıqları şərhləri silirəm. Əhvalım pis olanda mən də onları söyürəm. Əsasən, söyüş yazanlar qızlardır. Onlar paxıllıqlarından çalışırlar ki, məni və mənim işlərimi kölgəyə atsınlar. Mənə xoşagəlməz sözlər yazan oğlanları kişi saymıram.

– Bir sıra məşhurlar var ki, onlara yazılan təhqir və söyüşlərə görə izləyiciləri polisə verirlər. Sənə söyüş yazanları necə cəzalandırırsan?

– Bir dəfə “Instagram” hesabımı oğurlayıb silmişdilər. Bu səbəbdən, polisə şikayət etmək məcburiyyətində qaldım. Həmin şəxsi, yəni “hakeri” polislər tapıb, “Instagram”ımı geri qaytardılar. Polis onu tutub etdiyi əmələ görə “xoşbəxt etdi” (gülür).

– Aktyorluq qabiliyyətinizi “vine”larda nümayiş etdirirsiniz. Sizi daha çox videobloqer Hüseyn Əzizoğlunun çəkdiyi “vine”larda görürük. Deyilənə görə, sevgilisiniz. Düz söhbətdir?

– Hamı elə düşünür. Amma belə deyil. Onunla sevgili olmaq istəmərəm, hətta sizə deyim ki, belə bir niyyətim də yoxdur. Şou-biznesdə olan heç bir kişi ilə sevgili olmaram. Hüseynlə gözəl dostluq münasibətimiz var.

Etiraf edim ki, “viner” oğlanlar mənə “podxod” etməyiblər. Onlar mənə dost gözü ilə baxırlar. Müğənnilərdən, rejissorlardan və aktyorlardan tez-tez mənə “sevgili olaq” kimi təkliflər gəlir. Amma mən rədd cavabı verirəm və onlarla “sevgili” olmağı da məsləhət görmürəm. Məsələn, aktyorları götürsək, onıarın iki üzləri və iki həyatları var.  Onlara inanmaq belə düzgün deyil. 

– Sizinlə “sevgili” olmaq istəyən aktyorlar evli, yoxsa subaydırlar?

– Onların 90 faizi ailəlidirlər. Amma aralarında subay olanlar da var. Şou-biznes sahəsində olan şəxslər də belədirlər. Çalışıram ki, diplomat kimi mənə “sevgi” təklifləri edənlərlə dostluq münasibətini qoruyub-saxlayım. Onlar mənə başqa gözlə baxırlar. Mənimlə “sevgili” adı altında yatmaq istəyirlər. Belələrinin də sayı çoxdur.

– Hansı tip bəylər diqqətinizi cəlb edir?

– İspan və ingilis görünüşlü oğlanlar diqqətimi çəkir. Məsələn, müğənnilər Enriki İqlesias, Castin Timberleyk, aktyor Robert Pattison.

– Bəs bizim şou-biznesdə bəylər arasında kim sizin zövqünüzcədir?

– Bizimkilərdən (fikirləşir) Zamiq Hüseynovu – həm özünü, həm də imicini çox bəyənirəm. Zamiqlə  “salam-sağolumuz” var. Mənim dostlarım arasında çoxlu yaraşıqlı model oğlanlar var. Amma onlar “kukla” modellərdir. Onlarla ancaq dost münasibətindəyəm. Mən onlarla sevgi münasibətində ola bilmərəm. Biz bir-birimizi çox yaxşı tanıyırıq.

– Ramina, indiyə kimi aldığınız ən yüksək qonorar və bahalı hədiyyə hansı olub?

– Çoxlu hədiyyələr alıram, ümumiyyətlə, hədiyyə almağı kim sevmir ki?! (gülür) Mənə bağışlanan ən bahalı hədiyyə brilliant üzük olub. Qiyməti isə 3000 manatdan çox olub.

– O bahalı dediyiniz brilliant üzüyü kim və nə üçün sizə bağışlayıb?

– 2016-ci ildə tədbirlərin birində bir ailə mənə yaxınlaşıb, qutuda bir hədiyyə verdi. Heç verilən hədiyyəni açıb içinə belə baxmadım, ağlıma gəlməzdi ki, içində bu cür bahalı bir üzük olar. Evə gəldim, qutunu açıb, gördüm ki içində üzük var. Üzüyün yanında qiyməti var idi. Qiyməti və üzüyü görəndə gözlərimə inanmadım. Zənn etdim ki, onlar mənimlə zarafat ediblər.

Atamı çağırıb, mənə hədiyyə edilən üzüyü göstərdim, o da üzüyün üstündə olan brilyantın gerçək və ya saxta olduğunu bilmək üçün zərgərın yanına getdi. Üzüyün, həqiqətən də, brilyant olduğu zərgər tərəfindən təsdiqləndi. Mən o ailəni heç tanımıram, yəqin, məni çox sevdiklərindən bunu ediblər.

İndiyə kimi aldığım ən yüksək qanorar isə 2000 manat olub. Bir reklam şirkəti ilə əməkdaşlıq etdiyim üçün onlar pullarını məndən əsirgəməyiblər.

– Bizim bir çox məşhurlar “Instagram” sosial şəbəkəsindən paylaşdığı postlara və reklamlara görə pul qazanırlar. Siz “İnstagram”dan pul qazana bilirsiniz?

– Hətta deyərdim ki, çox yaxşı pul qazanıram. Qazancımın əsas hissəsi “Instagram”dan gəlir. Yəni 50 faiz “Instagram”dan, 50 faiz isə çəkildiyim reklamlardan qazanıram. “Instagram”da reklamı ən ucuz 300 manata paylaşıram.

Qeyd etmək istəyirəm ki, “Instagram”ın “Hekayə” bölümündə reklam paylaşmıram. Yazırlar ki, “Hekayə” bolümündə bizim reklamımızı 100,150, 200 manata paylaş, mən isə bu təkliflərlə razılaşmıram.

– “Instagram”dan bir aylıq qazancınız nə qədərdir?

– Sosial şəbəkələrin də pis və yaxşı vaxtları olur. Yaxşı vaxtlarda 3000-4000 manat, pis vaxtlarda isə 2000 manat.

– İzləyicilərin əksəriyyəti sənin şəkillərinə və fotolarına nəzər yetirəndə düşünürlər ki, Ramina “eskort” xidməti ilə məşğuldur. Özün bu barədə nə düşünürsən?

– Hə, amma bilmirəm niyə? (gülür) Oğlanlar, eləcə də, qızlar “Instagram”da “mənə iş tap” kimi mesajlarla müraciət edirlər. Hər gün “mənə pul ver” kimi mesajlar alıram. Düşünürəm ki, yəni kənardan bu qədərmi milyoner kimi görünürəm? Haradandır məndə o qədər pul? Amma izləyicilərim arasında bir neçə nəfəri işə düzəltmişəm və çox sevinmişəm.

Hamı elə başa düşür ki, Ramina qaz vurub, qazan doldurur. Mənim heç şəxsi biznesim də yoxdur. İnsanların “mənə iş tap”, “mənə pul ver” kimi müraciətləri mənə çox gülməli gəlir. Kiməsə iş tapsam və ya pul versəm belə, onu heç vaxt reklam etmirəm. Belə şeyləri sevmirəm. Bu, mənim daxilimdən, ürəyimdən gəlir və köməyi də açıq qəlblə edirəm.

– Həmcinslərinizdən sevgi təklifləri alırsınız?

– Əlbəttə, gəlir. Amma bu çoxdan olub. “Facebook”da aktiv olduğum vaxtlarda… Real həyatda da qızlardan sevgi təklifləri almışam. Bu tərifləmək yox, əsl sevgi etirafları olub. Bu cür sevgi etirafları gəldikdə, müsbət və pozitiv reaksiya verirəm. Belə şeylərə pis baxmıram. Lezbiyanlara və geylərə münasibətim pozitivdir.

Təbii ki, mən lezbiyan deyiləm. Onların hansı həyat sürdükləri, kiminlə yatıb-durduqları, öpüşdükləri, sevişdikləri mənə maraqlı deyil. Hər bir insanın şəxsi həyatı var. Qoy nə istəyirlər, etsinlər.

Oğlanlar mənə “Instagram”da çox biədəb və əxlaqsız təkliflər göndərirlər. Masajdan tutmuş, intim təkliflərə kimi. Yazırlar ki, gəl, səni 20 manata masaj edim. Gülüb keçirəm, cavab belə vermirəm. Cavab verib, gülsəm, daha çox yazacaqlar. Ona görə ən yaxşısı belə mesajları cavabsız qoymaqdır.

– Müsahibəmizin əvvəlində sənin açıq-saçıq foto və videolarından danışdıq. Düşünmürsən ki, məhz bu səbəbdən sənə bu cür əxlaqsız, ədəbsiz təkliflər və mesajlar gəlir?

– Axı bu cür mesajlar təkcə mənə yazılmır. Bir çox gözəl qızlara və oğlanlara “Instagram”da intim təkliflər göndərirlər. Geylər oğlanlara seks təklif edirlər. “Instagram” virtual həyatdır. Virtual həyatda sən hər şey yaza bilərsən. Real həyatda isə hər şey fərqlidir.

– Sizi yoldan çıxarmaq asandır?

– Hamını mən yoldan çıxarıram (gülür). Elə olub ki, bir oğlan mənə pislik edib, mən isə onu mənəvi sındırıb, önümdə diz çökdürüb, qız paltarı geyindirib, makyaj etdirib, çox pis sözlərlə özünü özünə söydürmüşəm. Sonra isə bunları videoya çəkmişəm. Mən “qospaja” deyiləm, amma dominantlığı çox sevirəm. İnsanları cinsiyyətindən asılı olmayaraq, mənə qarşı etdikləri pisliklərə görə çox pis şəkildə mənəvi cəhətdən sındırıb, onları cəzalandırıram. Mənim heç kəsin yanında biədəb bir işim yoxdur. Elə buna görə nə çəkinirəm, nə də qorxuram.

loading...