AFFA-nın baş katibi: "Lazım gəlsə, Ermənistanla oynayacağıq" - MÜSAHİBƏ
loading...

AFFA-nın baş katibi: “Lazım gəlsə, Ermənistanla oynayacağıq” – MÜSAHİBƏ

AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan milli komandasının Türkiyənin Antalya bölgəsində Moldova yığması ilə oyundan öncə brifinq keçirib.

Fenomen.Az xəbər verir ki, Brifinq zamanı AFFA rəsmisi “Report”un əməkdaşının da suallarını cavablandırıb.

Millidə yeni dövr başlayır. Avropa çempionatına vəsiqə kimi tarixi şans qazanılıb. Siz nə gözləyirsiniz?

– Təbii ki, Millətlər Liqası bizə yeni qapı açır, şans yaradır. Ümidvaram ki, komandamız bu şansdan yararlana biləcək. Artıq püşk atılıb, rəqiblərimiz də bəllidir. Bəziləri ilə yaxın keçmişdə oynamışıq, tanış komandalardır. Artıq sabah ilk yoxlama oyunu keçirəcəyik. Əsas məqsəd futbolçuları yoxlamaqdır. Martda ikinci sınaq matçımız da olacaq. Mayın sonu və ya iyunun əvvəlində fürsətdən yararlanıb bir neçə oyun yenə keçirəcəyik.

Kosovo ilə oyun alınmadı. Onun əvəzinə vaxt az olsa da, başqa komanda variantı var idi?

– Püşkdən sonra baş məşqçi ilə məsləhətləşib oyunu keçirməməyi qərara aldıq. Yeni komanda tapmaq olardı, amma milli komanda olmadığı üçün razılaşmadıq. Öncədən də razılaşmışdıq ki, püşkdə eyni qrupa düşsək, bu oyunu ləğv edərik. Belə də oldu. Əslində Moldova ilə də düşə bilərdik. Amma düşmədik. Ona görə də bu oyun qaldı. Təbii ki, komanda tapmaq olardı. Amma bu, daha çox klub olacaq. Baş məşqçi ilə düşünərək, qərara aldıq ki, yığma komanda yoxdursa, oynamayaq.

Kosovo ilə oyuna gediş-gəliş baxımından hər hansı diplomatik maneə yoxdur?

– Kosovo idman qurumu olaraq Beynəlxalq Olimpiya Komitəsi, FİFA və UEFA üzvü olaraq, artıq Azərbaycana səfər edib. Onların komandası “Bakı 2015” I Avropa Oyunlarında, U-21 yığması isə seçmə mərhələ qarşılaşmasında iştirak edib. Bu addımı atmamışdan qabaq Xarici İşlər Nazirliyi ilə məsləhətləşərək, UEFA-ya bildirdik. Bizim səfərlə bağlı da problem olmayacaq. Oyundan öncə bir daha XİN-lə məsləhətləşəcəyik.

Bir neçə baş məşqçi ilə çalışmısınız. Yeni təyinat millidəki ab-havaya necə təsir edib?

– Bundan əvvəl iki əcnəbi baş məşqçi ilə işləmişdik. Bura gələnə qədər onları tanımırdıq. Xaricdə bir-iki dəfə görüşdük və onlar bura gəldikdən sonra yaxın əməkdaşlığa başladıq. Amma Qurban Qurbanovu 10 ildir yaxından tanıyıram. Əvvəllər ona futbolçu kimi azarkeşlik edirdik. O, məşqçilik fəaliyyətinə start verdiyi vaxt mən də AFFA-da çalışmağa başladım və bir-birimizi yaxından tanıdıq. Təbii ki, artıq bizə daha asandır. Bilirəm ki, sürprizlər olmayacaq. Əcnəbilərlə hər zaman sürpriz ola bilər. Qurban müəllimlə isə sürprizlər olmayacaq. Yeni baş məşqçimiz artıq sözünü deyib, peşəkarlığını təkcə Azərbaycanda deyil, bütövlükdə bölgədə sübuta yetirib. Ümidvaram ki, onunla yaxşı nəticə qazanacağıq. Əsas məsələ uzunmüddətli düşünməkdir və Qurban müəllimin sistemi U-15 yığmasından başlayaraq, bütün yaş qruplarına tətbiq olunacaq. Bu da müsbət haldır. Düşünürəm ki, milliyə gələcək futbolçu U-15 yığmasından başlayaraq, eyni sistemlə işləməli, fəaliyyət göstərməlidir. Biz bunu hazırkı təlim-məşq toplanışında gördük. U-21 komandası burada idi, U-19 sabah növbəti yoldaşlıq görüşünü keçirəcək.

Millətlər Liqasındakı qrupa baxarkən futbol ictimaiyyəti düşünür ki, bu qrupdan mütləq çıxmalıyıq. Baş katib olaraq siz nə düşünürsünüz?

– Məqsədimiz birinci yeri tutmaqdır. Düşünürəm ki, komanda bunu bacaracaq gücdədir.

“Neftçi”də mətbuatla ünsiyyətə qadağa qoyulub. Buna münasibətiniz necədir?

– Düzü, hər komandanın öz qaydaları var. Yəqin ki, onların baş məşqçisi də belə qayda müəyyənləşdirib. Məncə, bu qaydanı yalnız klub prezidenti ilə əlaqələndirmək düzgün deyil. Yaxşı olardı ki, bu sualı onların özlərinə verəsiniz. Lakin mən özüm də maraqlanaram.

Hər halda köklü klubu mediadan gizlətmək yaxşı hal deyil…

– Görsəm, soruşaram.

Dünya çempionatının seçmə mərhələsinə Azərbaycan millisi “Niyə də yox?!” şüarı ilə başlamışdı. Bu dəfə Millətlər Liqasında şüar nə olacaq?

– Hazırda bu barədə düşünürük. Marketinq Departamentinə tapşırıq vermişik ki, bir şüar fikirləşsinlər. Maraqlı şüar olsun. “Niyə də yox?!” şüarı ölkəmizdə çox populyar oldu. İnsanlar bundan tez-tez müxtəlif mövzularda yararlanmağa başladılar. Bu, sevindirici hal idi. Seçmə mərhələnin sonlarında komandanın nəticələrində bir qədər uğursuzluq oldu və bu şüar bir az komik forma aldı. Buna baxmayaraq, populyar idi. Bu da bizi sevindirdi. Əslində marketinq baxımından bizim üçün vacib idi ki, hansısa şüar populyarlaşsın. O da oldu. Sizin də fikriniz, ideyanız olsa, AFFA-ya deyə bilərsiniz.

Mütəxəssislər Kosovo millisinin Azərbaycandan daha güclü olduğunu bildirirlər. Farer adaları yığmasının isə son illər sürpriz nəticələrə imza atdığını vurğuladınız. Bəs biz niyə sürpriz nəticələrə imza ata bilməmişik, uzun illər ərzində nəyimiz çatışmayıb və bizdən niyə çəkinməyiblər?

– Əslində beynəlxalq mətbuatda bizim komandanı qrupda favorit kimi görürlər. Bu yaxınlarda Kosovo Futbol Federasiyasının prezidenti və Kosovo yığmasının baş məşqçisinin fikirlərini oxudum. Onlar bizi qrupda özlərinə əsas rəqib kimi gördüklərini bildiriblər. Məncə, indiyədək sürprizlərə imza atmışıq. Komandamız bəzi oyunlarda doğrudan da yaxşı nəticələr, inamlı oyun göstərib və qələbələr qazanıb. Bəzi çətin səfər oyunlarında isə 1 xal əldə olunub. Belə oyunlar bizə imkan verir ki, Millətlər Liqasının oyunlarına pozitiv yanaşaq.

Hazırda futbol akademiyalarının açılmalı və sistemin buna doğru getməli olduğu müzakirə edilməkdədir. Müxtəlif klublar – “Bakı”, “Qəbələ” və “Xəzər Lənkəran” belə akademiyalar açıblar və hazırda millidə onların yetirmələri çıxış etməkdədir. Bəs AFFA bölgələrdə bu praktikadan yararlanmaq niyyətindədirmi?

– 2008-ci ildə AFFA İcraiyyə Komitəsi lisenziyalaşdırma ilə bağlı qərar qəbul etmişdi. Həmin qərarla biz klublarda akademiyalarını yaratmağı məcburi qaydada tətbiq etmişdik. Dediyiniz klublar həmin akademiyaları bundan sonra açdılar. Binalar tikildi, meydançalar salındı. Təəssüf ki, biz o qərarları tez-tez unuduruq. Yaxın keçmişə nəzər salsanız, görərsiniz ki, 2008 – 2010-cu illərdə ən önəmli qərarlar qəbul olunub. Onlar təməli qoyan qərarlar idi. Hər klubun öz stadionunun, məşq meydanının, akademiyasının, müxtəlif yaş qrupları üzrə komandalarının olması, Premyer Liqada oynamaq istəyirsə, həmin yaş qruplarının AFFA-nın təşkil etdiyi liqalarda da mübarizə aparmalarının vacibliyi barədə qərarların hamısı artıq icra olunub. Bəzi klublar buna daha çox sərmayə buraxdı. “Bakı” və “Xəzər Lənkəran” çox böyük sərmayə qoydular. Nəticələr də oldu. Təəssüf ki, sonralar stabillik olmadı. Lakin “Qəbələ” akademiyası hazırda da fəaliyyətdədir və bu klubun təmsilçiləri milli komandalarda ildən-ilə çoxalmaqdadır. “Neftçi”nin bazasında 3 meydança salınıb. Binanın özü isə 2020-ci ilədək yekunlaşmalıdır. “Qarabağ” klubunun stadionu və məşq meydançası salınıb. Yəni, klublar bu istiqamətdə işlər görürlər. Təbii ki, bundan da yaxşı nəticələr ola bilərdi. Amma artıq bu akademiyalar mövcuddur. Bugünkü nəticələr 2008 – 2010-cu ildə AFFA İcraiyyə Komitəsinin qəbul etdiyi qərarlarla bağlıdır. Legioner limitini götürək. 2008-ci ildə təhlil apardıqdan sonra qərara gəldik ki, limit olmasın. Sonradan isə planlı surətdə limitin tətbiqinə başlanıldı. Limit 6+5 olduqdan sonra “Neftçi”, “Qarabağ” və “Qəbələ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı, bu mövsüm isə “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində çıxış etdi. Yəqin ki, o qərar müsbət təsirini göstərdi.

“Neftçi”də hər şey yaxşı gedirdi. Amma birdən-birə AFFA prosesə müdaxilə etdi və klubda idarəetmə prosesi dəyişdi. O vaxtdan flaqmanı yığıb-yığışdırmaq, düzəltmək mümkün olmur. Sizcə, AFFA-nın müdaxiləsi yanlış, yoxsa düzgün qərar idi?

– Əvvəla, AFFA-nın müdaxiləsi olmayıb. “Neftçi” klubu ayrıca hüquqi şəxsdir. AFFA-nın orada nə de-fakto, nə də de-yure hüquqi payı var. “Neftçi” həqiqətən də çox böyük nəticələr qazanıb. Ən böyük nəticə Avroliqanın qrup mərhələsinə vəsiqə idi. Klub Azərbaycanı yaxşı da təmsil etdi. Ondan sonra “Neftçi”də islahatlar getdi. Tarixə nəzər salsaq, böyük klubların əksəriyyəti nəticə əldə etdikdən sonra bir neçə il problemlər yaşanır və sonradan yenidən bərpa olunrlar. Bəlkə də “Neftçi” o böyük klublardan biridir ki, apardığı islahatlara vaxt lazımdır. Başqa klublardan danışsaydınız, deyərdim ki, onlara AFFA-nın hüquqi baxımdan müdaxiləsi oldu, təsisçilərdən birinə çevrildi. Çünki biz həmin klubları maliyyələşdirməyə başladıq. “Neftçi”də isə belə bir proses yox idi və bu, birbaşa “Neftçi”nin öz qərarı idi. Gözləyək, görək bu dəyişikliklər “Neftçi”ni yenidən 2012-ci, 1966-cı illərin “Neftçi”sinə gətirəcəkmi? Ümid edirəm ki, belə bir gün olacaq. “Neftçi” böyük klubdur və tarixinə nəzər yetirsək, zaman-zaman belə halların baş verdiyini görərik.

Əvvəlki baş məşqçilərin AFFA-dan tələb və təklifi çox idi, yoxsa Qurban Qurbanovun?

– Böyük fərq yoxdur. Baş məşqçilər ilk gündən öz tələblərini səsləndirirlər. Biz də bunlara baxır, qəbul edirik. Onların istəklərinin 99 faizi qəbul edilib, heç bir problem olmayıb. Qurban müəllim də bir peşəkar kimi öz tələblərini və arzularını bizə bildirdi. Onunla mütəmadi görüşür, danışırıq. Qeyri-adi bir şey yoxdur. Bir azərbaycanlı kimi belə yüksək standartlarının olmasına çox sevinirəm.

Həmişə futbol ictimaiyyəti arasında belə bir söhbət gəzib ki, yerli məşqçilərə şərait yaradılmır. Əvəzində əcnəbi mütəxəssislərə şərait yaradılması narazılıq doğurub. Qurban Qurbanovun dövründə AFFA-nın büdcəsində azalma olmayacaq?

– Artıq 2018-ci ilin büdcəsinin müzakirəsinə başlamışıq və AFFA prezidenti Rövnəq Abdullayevə də təqdim etmişik. Heç bir dəyişiklik yoxdur. Rəqəmlər eynidir. Təlim-məşq toplanışına xaricdə başlamışıqsa, deməli, əvvəlki qayda da davam edəcəyik. Daha əvvəl Berti Foqts və Robert Prosineçki ilə işləmişəm. İndi isə baş məşqçi Qurban Qurbanovdur. Deməzdim ki, yerli məşqçiyə fərq qoyuruq. Aşağı yaş qrupları üzrə yığmalarımızda da əcnəbilər də, yerlilər də çalışıb. Heç birinə fərq qoymurduq. Şahin Diniyevin millidə baş məşqçi olduğu dövrlə indini müqayisə edə bilmərəm. Çünki baş katib kimi onunla cəmi bir ay işləmişəm. İndi isə heç bir fərqin qoyulmadığını əminliklə deyə bilərəm. Açığı, hər şey yerli məşqçinin özündən asılıdır. Yerli məşqçi tələbkardırsa, bir standart tətbiq etmək istəyirsə və öz standartına hörmətlə yanaşırsa, tələblərini irəli sürəcək. İşəgötürən isə ona mütləq əməl etməlidir. Çünki işəgötürən baş məşqçini nəticə verməsi üçün seçir. Nəticə istəyən şəxs tələbləri də icra etməlidir. Əslində bu, normal haldır.

Milli assosiasiyaların işi milli komandaların uğurları ilə ölçülür. Millətlər Liqasında yolumuz Ermənistanla kəsişə bilər. Azərbaycan və Ermənistan millilərinin qarşılaşmasını istərdiniz?

– Əslində bu, problemli oyundur. Püşkatma qaydalarına əsasən, bu mərhələdə Ermənistanla eyni qrupa düşə bilməzdik. Amma növbəti mərhələdə düşə bilərik. Orada ev-səfər məsələsi var. Artıq UEFA tərəfindən bizə şifahi formada bildirilib ki, növbəti mərhələdə görüşsək, UEFA İcraiyyə Komitəsinin bununla bağlı xüsusi qərarı olacaq. Yəni, oyun harada keçiriləcək, ümumiyyətlə, oyun olacaqmı və s. Təbii ki, bu, asan oyun deyil. Təşkilati baxımdan problemli qarşılaşmadır. Amma futbol futboldur da… Sonda FİFA və UEFA tövsiyəsinə, tələblərinə uyğun olaraq, oynamaq lazım gəlsə, biz oynayacağıq. Neytral meydan olsa, oyun bağlı qapılar arxasında keçirilməlidir. Təbii ki, bu da həm qarşı tərəf, həm də bizim üçün bir problemdir. Eyni qaydada canlı yayım və sponsor problemləri var. UEFA-nın sponsorları və tərəfdaşlarından oyuna baxmaq istəyən ola bilər. Biletlər əvvəlcədən göndərilir. Bir sözlə, təşkilati və texniki baxımdan bu, çətin qarşılaşma olacaq.

Bəs gücümüzü Ermənistanla oyunda yoxlamaq baxımından?

– Bu, meydanda görünəcək. Futbolda əvvəlcədən nəsə demək bir qədər çətindir. İlk növbədə, qrupumuzda birinci yeri tutaq, növbəti mərhələyə vəsiqə qazanaq, sonra isə baxarıq.


loading...